Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilib
Digər xəbərlər

Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin "Partner-2021" sərgisi çərçivəsində Serbiyanın "Yugoimport" Müdafiə Sənayesi Kompleksinin rəhbəri ilə görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndə heyətinin qatıldığı, Belqradda keçirilən "Partner-2021" Silah və Hərbi Texnika Sərgisi davam edir. Sərginin ikinci günündə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə açılış mərasimi olub.

Açılış mərasimindən sonra Mədət Quliyev "Yugoimport" Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviç ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, "Partner-2021" Silah və Hərbi Texnika Sərgisi Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və sair nümayiş olunur.

"Partner-2021" Silah və Hərbi Texnika Sərgisi işini oktyabrın 14-dək davam etdirəcək.

AZƏRTAC