Azərbaycan ilə CAR arasında parlamentlərarası əlaqələr müzakirə olunub
Siyasət

Azərbaycan ilə CAR arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Nosivive Mapisa Nqakula ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, CAR-ın Milli Assambleyasının sədri Nosivive Mapisa Nqakula ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını deyib, ikitərəfli münasibətlərin genişləndirilməsində qarşılıqlı səfərlərin və təmasların rolundan danışıb.

Nosivive Mapisa Nqakula Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilmiş birinci Konfransının işinin yüksək səviyyədə təşkil olunduğunu, orada qəbul edilmiş sənədlərin vacibliyini vurğulayıb. Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyən xanım Nqakula bildirib ki, Qoşulmama Hərəkatı CAR-ın müstəqil və demokratik inkişafına böyük dəstək verib. Ona görə də CAR bu təşkilata böyük əhəmiyyət verir və onun Parlament Şəbəkəsində iştirakını vacib hesab edir. Artıq təşkilatda Milli Assambleyanın nümayəndə heyəti formalaşdırılıb.

Assambleya sədri qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu söyləyib, deputatlarımızın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının əhəmiyyətindən bəhs edib. O, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğını, xüsusilə təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Həmçinin Azərbaycanın bu sahədə təcrübəsinin yaxşı örnək olduğunu, bunu öyrənmək istədiklərini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

S.Qafarova Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyəti, bu qurumun ölkəmizdə təşkil olunmuş mötəbər toplantıları barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış etdiyini və bunun beynəlxalq birlik tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şəbəkəsinin yaradılması, onun təsis toplantısı, Bakıda keçirilən birinci konfransı, bu konfransda qəbul olunan mühüm əhəmiyyətli sənədlər, qarşıda duran vəzifələrdən bəhs edib.

Milli Məclisin sədri görüşdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunmasını da diqqətə çatdırıb. Qeyd olunub ki, bu da gənclər arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. S.Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələrə təhsil qrantları ayrılır. O deyib ki, CAR-dan olan gənclər bu qrantlardan daha fəal faydalana bilərlər.

Parlamentin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsindən, öz ərazi bütövlüyünü bərpa etməsindən bəhs edib. O, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ərazilərimizin işğaldan azad olunmasını tələb edən qətnamələrin uzun müddət yerinə yetirilmədiyini, nəhayət 2020-ci ildə Azərbaycanın həmin qətnamələrin icrasını öz gücünə təmin etdiyini bildirib.

Milli Məclisin sədri hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün lazımi tədbirlərin görüldüyünü deyib, Ermənistan tərəfindən basdırılan minaların quruculuq işlərinə maneə törətdiyini diqqətə çatdırıb. O, Azərbaycanın Ermənistana sülh sazişi imzalamağı təklif etdiyini, lakin İrəvanın danışıqlarda destruktiv mövqe sərgilədiyini bildirib. Vurğulanıb ki, Azərbaycan regionda davamlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunmasında səylərini əsirgəmir.

Söhbət zamanı parlamentin sədri cari il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı haqqında da danışıb. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət bu terror hadisəsini pisləməli və buna layiqli qiymət verməlidir.

Milli Assambleyanın sədri Nosivive Mapisa Nqakula bu hadisə ilə bağlı başsağlığını ifadə edərək, terrorizmin bütün formalarının qəti şəkildə pislənilməli və qınanmalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.