Serbiya Qərbin “qara siyahı
Siyasət

Serbiya Qərbin “qara siyahı"sında

Qərb bloku hər vəchlə dünyanın siyasi-hərbi qaynar nöqtələrindəki prosesləri alovlandırmaqda maraqlıdır. Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqazın da daxil olduğu ölkələrdə sular durulmaq bilmir.

Rəsmi Vaşinqtonun moderatorluğu ilə reallaşdırılan, Avropanın qərəzli güc dairələrinin də qoşulduğu bu prosesdə məqsəd bəllidir: "Parçala və hökm sür", "Demokratiya", "azadlıq", "ədalətsizliyə son" kimi ali şüarlar altında gizlənən məqsədlər birbaşa sözügedən dairələr tərəfindən formalaşdırılır, cəmiyyətə inteqrasiya üçün hədəf kütlə seçilir, ölkədəki "maşalar" qrantlar hesabına ideolojik olaraq silahlandırılırlar. Nəticə isə bəllidir: ölkədaxili iğtişaşlar, xalq-iqtidar birliyinin sarsıdılması, cəmiyyət institunun zədələnməsi və s. Bəs Qərbin və ABŞ-ın əldə etmək istədiyi nədir?

Bu dəfə güc dairələrinin "qara siyahı"sına düşən ölkələrdən biri Serbiyadır. Paytaxt Belqradda dekabrın 18-də baş tutan parlament və bələdiyyə seçkilərinin nəticələrinə qarşı etiraz aksiyalarının təşkil olunması bunu deməyə əsas verir. Belə ki, Belqradda fasiləsiz mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət bloku şəhər administrasiyasının binasına daxil olmağa çalışıb, hətta içəriyə daş və pivə qutuları atıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə ediblər. Serbiya Prezidenti Aleksandar Vuçiç paytaxtdakı iğtişaşlar fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Ölkə başçısı xalqa müraciəti zamanı bir sıra məqamlara toxunub. Xüsusi xidmət orqanlarının iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumatlı olduğunu bildirən Vuçiç bildirib: "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq". Serbiyada seçkilərin nəticələri elan olunduqdan sonra aksiyaların başlaması, seçki prosesinin şəffaflığına kölgə salınması əslində qərb blokunun öz siyasətini Serbiya üzərindən apara bilməməsinin nəticəsidir. Serbiya mediasının da verdiyi məlumata əsasən planlı şəkildə şəhərin müxtəlif nöqtələrindən eyni zamanda etiraz aksiyasına başlayan şəxslər hadisələrin alovlanmasına şərait yaradır. Sadalanan faktlara istinadən qeyd edə bilərik ki, qurulan planların ana xətti bu məsələdə USAID-ın barmaq izlərini aşkara çıxarır. Belə ki, seçkinin nəticələrinə kölgə salmaq, keçirilən aksiyalardakı şüarlar və məqsədlərin eyniliyi bunu deməyə əsas verir. Məlumdur ki, bu yolla onlar hakimiyyəti devirərək öz marionetlərini meydana çıxarmağa cəhd edirlər.

Qərb blokunun Serbiya planı bundan ibarətdir ki, Kosovanın müstəqilliyi bu ölkə tərəfindən tanınsın. Bu çərçivədə artan təzyiqlər Belqraddakı iğtişaşların ana xəttini təşkil edir. Xatırladaq ki, məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun bir sıra çağırışları da olmuşdur. Serbiyanın isə mövqeyi qətidir. Azad və müstəqil siyasət yürütməyə imkan verməyən qərb dairələri Serbiyanı bəzi güzəştlər etməyə çağırırlar. Təbii ki, bu, "aysberqin görünən üzü"dür. Rusiya-Ukrayna müharibəsi fonunda cəbhələri genişləndirməyə cəhd edən rəsmi Vaşinqton bu çərçivədə Serbiyadan istədiyini ala bilmir. Rusiya-Serbiya əlaqələrinin müsbət gedişi qərəzli dairələri dərindən narahat edir. Demokratiya dərsi keçməyə cəhd edənlər bu gün müxtəlif illüziyalardan istifadə edərək müstəqil bir ölkəyə fiziki-siyasi təsir etməyə çalışırlar. Rusiyaya qarşı qoyulan sanksiyaların da kəsərini artıran qərb bloku artıq öz qərəzinə nəzarətini itirmək üzrədir.

Serbiyaya bu gün Kosova vasitəsilə edilən təzyiqlər vaxtilə ölkəmizə qarşı da göstərilmişdir. 30 il boyunca sülh prosesini donduranlar istəyirdilər ki, torpaqlarımızın 20 faizini Ermənistana güzəştə gedək. Xüsusilə ATƏT-in keçmiş Minsk qrupu bu çərçivədə fəallıq göstərirdi. Lakin qüdrətli Azərbaycan dövləti öz gücü hesabına ədalət tərəzisini balanslaşdırdı. Əzəli və əbədi yurd yerlərimiz işğaldan azad edildi.

Bəzi Avropa ölkələri uğursuz Ukrayna planının nəticələrinə yaxından şahidlik edirlər. Bunun nəticəsidir ki, artıq Qərb bloku özünə yeni baryer tapa bilmir. Lakin Cənubi Qafqazda məsələ bir qədər fərqlidir. Ermənistanın regiona xəyanəti və Rusiyanın orbitindən çıxması burada da Azərbaycan və Ermənistan arasında sülh prosesini ləngidir. Ümumən, Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu alması faktoru bir daha sübut edir ki, Qərb bloku bütünlüklə nəzarəti öz əlində cəmləməyə çalışır. Qərəzli dairələrin müxtəlif oyunlarına alət olanlar, onların məqsədləri naminə rıçaq olmağı qəbul edənlər anlamalıdırlar ki, müharibənin soyuq və acı gerçəkliyi sərhədlərə qədər gəlib çatdığı zaman Qərbin vəd etdiyi yardımlar onların imdadına yetişməyəcək.

Nurlan ABDALOV,

"Respublika".