Azərbaycan haqlı və güclü tərəfdir
Siyasət

Azərbaycan haqlı və güclü tərəfdir

Suverenliyimizin bərpası, bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması da bunu isbatlayır

"Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.

2020-ci il dekabrın 1-də Laçın rayonunun da dinc yolla Azərbaycana təhvil verilməsi qalibiyyətli İkinci Qarabağ müharibəsini sona çatdırdı, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş oldu. 30 ildən bəri "hərbi qüdrəti" ilə öyünən, Azərbaycanla güc yolu ilə danışan işğalçı Ermənistanın xalqımızın Zəfərlə başa çatdırdığı Vətən müharibəsində biabırçı məğlubiyyəti ilə Cənubi Qafqazda bu qlobal münaqişənin bitdiyini düşünmək olardı. Lakin bu sonluq qan çanağına döndərdikləri Qafqazdan əllərini çəkmək istəməyən bəzi imperialist dairələri ciddi narahat edirdi.

Təcavüzkar Ermənistanın sonuncu rayonumuzu da tərk etməsi ilə 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə bu ölkədən və xaricdən hərtərəfli dəstək alan və Qarabağ bölgəsində pozuculuq fəaliyyəti ilə məşğul olan erməni separatçı və terrorçu qruplaşmalarının sonuncu nəfəsliyi də bağlanmış oldu. Bununla da, işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirildi və tarixə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adı ilə düşmüş mürəkkəb bir etnosiyasi qarşıdurma başa çatmış oldu. Azərbaycan beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq 30 il işğal altında qalmış ərazilərini azad etdi, 1 milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı təmin edildi. Bölgədən kənar güc mərkəzlərinin siyasi oyununa aldanan acgöz və xain qonşu Ermənistan ibrətamiz şəkildə cəzalandırıldı. Belə ki, Cənubi Qafqazın gələcəyində Azərbaycanın maraqları baxımından mühüm rol oynaya biləcək Türkiyənin bu regionun siyasi həyatına girişi təmin olundu. Azərbaycan dünya miqyasında heyranlıq və rəğbət doğuran qeyri-adi tarixi bir uğura imza atdı: bölgədən kənar güclərin Cənubi Qafqaza hibrid müdaxiləsini aradan qaldırdı və bu bölgədə sülhün və sabitliyin başlanğıcını qoydu.

Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dünyanın ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən münaqişə idi. Əslində keçirilən yüksək səviyyəli görüşlərdən, müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin də, ATƏT-in keçmiş Minsk qrupunun da məqsədi bölgədə sülhə nail olmaqdan ibarətdir. Ancaq nədənsə ötən müddətdə heç bir nəticə əldə edilmədi. Bu məsələ düz 30 ildən sonra həllini tapdı. Belə ki, münaqişə tərəfləri arasında 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Təəssüf ki, müharibə başa çatdıqdan, üçtərəfli Bəyanat imzalandıqdan sonra da tərəflər arasında real sülhə nail olunmadı. Halbuki, bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük nəticə idi.

Müharibədən üç il vaxt keçməsinə baxmayaraq, məğlub Ermənistan hələ də sülh sazişini imzalamaqdan imtina edir, Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipə məhəl qoymur, o, sülh yox, təxribatı seçir. Bununla da regionda sülhün təmin olunmasının tərəfdarı olmadığını göstərir. Elə müharibə başa çatdıqdan sonra ötən müddətdə Qarabağda uzun illərdən bəri kök salmış separatçılar da yalnız buna çalışırdı. Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, Ermənistan öz silahlı qüvvələrinin qalıqlarını torpaqlarımızdan çıxarmırdı. Üçtərəfli Bəyanatda isə bu, əsas şərtlərdən biri kimi qeyd olunur. Bütün bunlara məhəl qoymayan ermənilər Qarabağın təbii sərvətlərini talayır, xarici ölkələrə ixrac edir, birgə müəssisələr yaradır, ətraf mühitə, ekologiyaya ciddi ziyan vururdular. 2022-ci ilin dekabrında baş verənlərə etiraz əlaməti olaraq Azərbaycanın ekofəalları, QHT nümayəndələri dinc aksiyaya başladılar. Aksiya 138 gün davam etdirildi, nəticədə 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da, Qarabağa qanunsuz silah-sursat, canlı hərbi qüvvə, qaçaqmal daşınmasının qarşısı alındı. Bundan sonra ermənilərin "humanitar böhran", "blokada" şouları başladı. Bu da nəticəsiz qaldı. Nəzarət-buraxılış məntəqəsini bağlamaq istəyinə çata bilmədilər.

Qarabağda separatçıların terroru isə ara vermirdi. Sentyabrın 8-də mina partlaması nəticəsində vətəndaşlarımızın həlak olması Azərbaycanı ciddi tədbirlər görməyə vadar etdi. Qarşıda duran vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı. Ermənistana bir daha göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Əməliyyatın uğurlu gedişatı Ermənistanı və onun himayə etdiyi qanunsuz xunta rejimini ciddi təşvişə saldı. Qanunsuz erməni silahlı birləşmələri bölgəni tərk etdi, azğınlaşmış xunta rejiminə son qoyuldu. Azərbaycan öz suverenliyini bərpa etdi. İndi Qarabağın hər bölgəsində üçrəngli bayrağımız dalğalanır. Dövlət başçımız xalqa müraciətində deyib: "...onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!".

Çünki Azərbaycan həm haqlı, həm də güclü tərəfdir.

Zümrüd QURBANQIZI,

"Respublika".