Azərbaycan Ermənistanı diplomatiya meydanında da məğlub etdi
Siyasət

Azərbaycan Ermənistanı diplomatiya meydanında da məğlub etdi

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış "humanitar böhran"ın müzakirəsinə dair təcili iclasında erməni lobbisi bütün gücünü ortaya qoymağa çalışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclasının yekununda heç bir qərar qəbul olunmadı. İclasın nəticəsi Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çox əhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edərək bildirib: "Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır".

Məsələ ilə bağlı millət vəkili Musa Quliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Ermənistanın iddialarına baxıldı və bu iddialar əsassız olduğuna görə rədd edildi: "Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin faktlarla, obyektiv, beynəlxalq hüquq normalarına uyğun çıxışı və ortaya qoyduğu ciddi məsələlər təbii ki, Təhlükəsizlik Şurasının üzvləri tərəfindən reallıq kimi qəbul olundu. Beləliklə, Ermənistanın qaldırdığı iddialar növbəti dəfə rədd edilərək onların şər, böhtan olduğu və beynəlxalq hüquq normalarına uyğun olmadığı ortaya qoyuldu. Ermənistan beynəlxalq platformalarda Azərbaycanla bağlı müxtəlif iddialarla çıxış edib və həmişə də məğlub olub. BMT-nin iclası isə Ermənistanın ən biabırçı məğlubiyyəti idi. Hesab edirəm ki, bu, Ermənistanın beynəlxalq siyasətdə fiaskosudur. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ordusu necə darmadağın olmuşdusa, mötəbər qurumda aparılan  müzakirələrdən sonra isə heç bir qərar qəbul olunmaması əslində, işğalçı ölkənin diplomatik korpusunun da darmadağın edilməsi idi. Azərbaycan nümayəndəsinin də dediyi, Türkiyə nümayəndəsinin də dəstəklədiyi kimi, Azərbaycan bölgədə daimi sülhün bərqərar olmasının tərəfdarıdır və bütün təkliflərimiz də ədalət, beynəlxalq hüquq normaları çərçivəsində bölgədə əmin-amanlığa, əməkdaşlığa yönəlmişdir. Biz dəfələrlə demişik ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın Konstitusiyasını qəbul edən hər kəsin ölkəmizin digər vətəndaşları kimi hüquqları tanınır və eyni imtiyazlarla təmin olunur. Eyni zamanda biz dəfələrlə təklif etmişik ki, kommunikasiyalar, o cümlədən Ağdam-Xankəndi yolu açılmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin, o cümlədən Türkiyə, Rusiya müşahidəçi missiyasının iştirakı ilə Qarabağ ərazisində yaşayan erməni sakinlərinə hər cür humanitar yardım və dəstək Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolu vasitəsilə göstərilə bilər. O ki qaldı Laçın yolu və Laçındakı sərhəd-buraxılış məntəqəsi barədə erməni iddialarına, onlar da tamamilə təkzib olundu və göstərildi ki, Laçındakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsi açıqdır. Baxmayaraq ki, Ermənistan tərəfi dəfələrlə təxribat törədərək bu məsələni də gündəmə gətirməyə çalışır, lakin Qarabağda yaşayan erməni sakinlərinin isə normal qaydada bu yoldan istifadə etməklə, Ermənistana və geriyə gediş-gəlişləri təmin olunur. Mən hesab edirəm ki, artıq bu müzakirələrdən sonra Ermənistanın bütün iddialarına son qoyulmuş olur və bundan sonra yalnız Azərbaycanın təklifləri əsasında, hansı ki, bunlar beş fundamental istiqamətdə müəyyən edilmiş təkliflərdir, onları da qəbul etməklə Ermənistan artıq Azərbaycanın ərazi suverenliyini sözdə tanıdığı kimi, əməldə və sənəddə də tanımalı, böyük sülhə hazır olmalıdır".

Nuranə DAXİLQIZI,

"Respublika".