Azərbaycan ərazisi minalarla ən çox çirklənən ölkələrdən biridir
Digər xəbərlər

Azərbaycan ərazisi minalarla ən çox çirklənən ölkələrdən biridir

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi. Əldə olunan qələbə nəticəsində dövlətimiz ərazi bütövlüyünə qovuşdu. Lakin ermənilər hələ də məğlubiyyətləri ilə barışa bilmir, xain planlarla gündəmə gəlirlər. Müharibədən üç il keçməsinə baxmayaraq, düşmən tərəfi müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir. Bu baxımdan, döyüş bitsə də, onun bəlaları hələ də davam edir.

Qarabağda hazırda minaların təmizlənməsi istiqamətində mühüm işlər görülür. Minaların basdırılması asan olsa da, onları təmizləmək kifayət qədər təhlükəli və mürəkkəb prosesdir. Bunun nəticəsidir ki, ərazilərimizin minalardan təmizlənməsi sahəsində çalışanlar həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir. Şübhəsiz, mina qurbanları arasında sıravi vətəndaşlar da var. Daha çox Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə yüzlərlə mülki şəxs məhz minaların partlaması nəticəsində ya həyatını itirmiş, ya da müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bu baxımdan, ermənilərin vəhşi əməllərini alman faşizmi ilə belə müqayisə etmək olmaz. Çünki almanlar Fransanı, Polşanı və s. əraziləri işğal edəndə belə əraziyə minalar basdırmayıblar. Lakin ermənilər xalqımızı öz yurdlarından didərgin salmaqla kifayətlənməyərək bütün əraziləri minalamışlar. Dövlətimizim başçısı dəfələrlə ən ali tribunalardan işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 200 nəfərdən çox vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini dünya ictimaiyyətinə çatdırmışdır.

Nə qədər acınacaqlı olsa da, bu bir faktdır ki, Ermənistan tərəfi ərazilərimizə bir milyondan çox mina basdırmışdır. Məhz bu səbəbdən Azərbaycan bu gün dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Alçaq düşmənin bu cür əməlləri "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını da kobud şəkildə pozur. Üzdəniraq düşmən 30 il ərzində işğalda saxladıqları ərazilərimizi xarabalığa çevirmək, həmin bölgələrin infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrimizin yerləşdiyi məkanları, qəbiristanlıqları, əkin sahələrini belə minalayıblar. Təsadüfi deyil ki, əzəli torpağımız Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş çirklənmiş ərazilərin minalardan təmizlənməsi olub. Çünki Qarabağa Böyük Qayıdışın yolu nə qədər işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından asılıdırsa, bütün bu işlərin həyata keçirilməsi də bir o qədər ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsindən asılıdır.

Qeyd edək ki, minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. İşlərin yüksək səviyyədə icrasının nəticəsi olaraq qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulur. Həmin ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Prezident İlham Əliyevin diplomatik məharəti və uğurlu siyasəti nəticəsində qısa zaman ərzində dövlətimiz cənnət-məkana çevriləcək. Xain erməni xisləti Böyük Qayıdışa əngəl törədə bilməyəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".