Azərbaycan bölgədə sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan bölgədə sülhün tərəfdarıdır

2022-ci il aprelin 6-da Azərbaycan, Aİ və Ermənistan liderləri arasında üçtərəfli formatda görüş keçirilib

Azərbaycanın haqlı mövqeyini dəstəkləyən platformalardan biri də Brüssel formatıdır.  İlk dəfə 2021-ci il dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində üçtərəfli formatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında birgə görüş keçirilmişdi.

Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən dialoq çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minaların təmizlənməsi ön plana çıxarılan əsas məsələlərdən biri olub. Şarl Mişel öz növbəsində tərəflərə bildirib ki, Azərbaycan və Ermənistan şimal qonşumuzun vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə olunmuş razılığa əsasən, imzalanan Moskva və Soçi bəyanatlarından irəli gələn öhdəliyi yerinə yetirməlidir. Brüssel bəyanatında Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin, müharibə zamanı itkin düşmüş şəxslərin həyatı haqqında məlumatların verilməsinin vacibliyi vurğulanıb. Həmçinin Cənubi Qafqazda  iqtisadi əməkdaşlığın inkişafının zəruriliyi və bu istiqamətdə Avropa İttifaqı tərəfindən dəstək göstəriləcəyi diqqət mərkəzində olub.

2020-ci ildə Azərbaycan və Ermənistan arasında müharibədən sonra qərbin postmünaqişə dövrünün tənzimlənməsində ilk təşəbbüsü məhz Brüssel danışıqları olmuşdur. Belə görünür ki, İttifaq Cənubi Qafqazda gedən proseslərdən kənar qalmamaq üçün bu formatı təşkil edib.

2022-ci il aprelin 6-da Brüsselə işgüzar səfər  edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşündən sonra ikinci dəfə ittifaq rəhbərliyinin vasitəçiliyilə liderlərin dialoqu olub. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipindən ibarət sülh paketi görüşün əsas müzakirə predmeti olub və Avropa İttifaqının rəhbəri sülh paketinin məntiqli, BMT-nin hüquq və normalarına uyğun olduğunu bildirib. Konstruktiv keçən danışıqlar nəticəsində Azərbaycan və Ermənistan liderləri Brüsseldə aprel ayının  sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyası yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşmışdılar. 4 saatlıq görüşdən sonra iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyi haqqında bəyanat yayılmış və Avropa İttifaqı danışıqların sonunda bildirmişdi ki, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi onlar üçün çox mühümdür.

Brüssel danışıqlarının dəyərləndirilməsinə gəlincə, bunu Azərbaycanın diplomatik qələbəsi kimi qeyd etmək lazımdır. Azərbaycanda müstəqil dövlət quruculuğunun hazırkı mərhələsində diplomatiya və geosiyasətlə kəsişən mühüm faktorları aspektində də çox əhəmiyyətli hadisə olduğunu söyləmək lazımdır.  Avropa İttifaqının postmünaqişə mərhələsində Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərəni və reallığı  qəbul etdiyini bəyan etməsi əlamətdar hadisədir. Səbəbi isə ondan ibarətdir ki, sülh gündəliyində əldə olunmuş razılaşmaya əsasən diqqəti cəlb edən əsas məqamlardan biri də "Dağlıq Qarabağ" ifadəsinin qəbul olunmuş bəyanatlarda yer almaması, həmçinin otuz ilə yaxın bir zamanda yalnız ara-sıra görüşləri və heç bir nəticəsi olmayan danışıqları ilə yaddaşlara həkk olunan, fəaliyyətsizliyi və üzərinə götürdükləri vəzifəni yerinə yetirməyi bacarmayan bir təsisat kimi tarixin arxivinə qovuşmuş ATƏT-in keçmiş Minsk qrupunun razılaşmada yer almamasıdır. Avropa İttifaqının Azərbaycanın maraqlarını nəzərə alması başa düşülən haldır. Hər nə qədər bu qitədə ermənipərəst qüvvələr çoxluq təşkil etsə də, “qoca qitə”nin enerji təhlükəsizliyi həm də ölkəmiz ilə olan əməkdaşlıqdan asılıdır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın əsas qaz ixracatçısı olan Rusiyadan asılı qalmaması üçün 2022-ci ilin iyul ayında  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini qeyd etməliyik. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmiz Avropaya qaz ixracını artıracaq. Bütün bunlara əsasən, söyləmək olar ki, Ermənistan iki ölkə arasındakı şərti sərhədə avropalı missionerləri gətirsə də, sonda çətin ki, İrəvan rəhbərliyi tam olaraq öz niyyətinə çata bilsin. Sadəcə olaraq sülh prosesini ləngitməklə nələrəsə ümid bəsləyən Nikol Paşinyan gec-tez başa düşəcək ki, ölkəsinin təhlükəsizliyi nə İran, nə Rusiya, nə də Fransadan asılıdır. Tək bir yol Azərbaycan ilə sülh müqaviləsi imzalayıb regionun inkişafına təkan verməkdir.

Musa BAĞIRLI,

"Respublika".