Ermənistan hər vasitəyə əl atır
Digər xəbərlər

Ermənistan hər vasitəyə əl atır

Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginlik gün keçdikcə daha da dərinləşir. Mövcud vəziyyət onu göstərir ki, İrəvanın hərbi təxribatları hər an silahlı toqquşmalara yol aça bilər. Hətta Paşinyan hakimiyyəti son davranışları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü də açıq-aşkar təhdid edir. İrəvan Azərbaycana qarşı ərazi iddialarından hələ imtina etmədiyini də dolayısı ilə təsdiqləyir. İrəvanın Azərbaycanın Qarabağ bölgəsində olan silahlı birləşmələrini hələ də bölgədən çıxarmaması, erməni separatçı-terrorçulara dəstək verməsi regionda sülhə və sabitliyə təhlükədir.

''Cənubi Qafqazda sülh prosesinin uğur qazanması, uzunmüddətli sabitliyə nail olunması üçün mütləq Ermənistan ordusunun qeyri-qanuni silahlı dəstələri ən qısa zamanda Azərbaycan ərazisindən çıxarılmalıdır. Və erməni separatçı-terrorçuların qondarma "qurumları" ləğv edilməlidir''. Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk vurğulayıb. O deyib: ''Ermənilər 44 günlük savaşda məhv olan hərbi potensialını bərpa etmək üçün hər vasitəyə əl atırlar. Belə ki, Ermənistan əvvəl Rusiya yönlü siyasət yürüdürdüsə, indi bunu Avropa Birliyi, ABŞ və İran ilə çeşidləndirib. Onlardan aldığı dəstək ilə də silahlarını yeniləyir və ehtiyatda olan hərbçilərini təlim toplanışına çağırır. Həmçinin bu ay ərzində ABŞ ilə birlikdə hərbi təlim də keçirəcək. Baş verənlər sülh istəyən bir dövlətin görəcəyi işlər deyil. Yəni Ermənistanın faktiki niyyəti yeni müharibəyə başlamaqdır". B.Öztürk qeyd edib ki, müharibənin hazırlıqları da göz qabağındadır. Müharibə birdən-birə olmur. Təəssüf ki, üçtərəfli Bəyanatdan bu günə qədər sülh müqaviləsinə yaxınlaşmayan Ermənistan addım-addım növbəti müharibəyə hazırlıq görürdü. Son günlər Ermənistan tərəfindən həm Naxçıvan sərhədində, həm də Qarabağ bölgəsində təxribatlar törədilməsi, Rusiya sülhməramlıların nəzarətində olan bölgədə separatçıların qalıntılarının olması, ABŞ və Ermənistanın birgə təlimi yeni müharibənin işarələridir. Bölgədə hər keçən gün gərginlik artır və Ermənistan bu gərginlikdən yararlanmağa çalışır. Ən sonunda "dəmir yumruq" yenidən başına dəyməsə, ağıllanacaq kimi görünmür. Bu müddət ərzində Azərbaycan və Türkiyənin göstərdiyi xoş niyyət, sülh üçün uzadılan əli təəssüfki qarşılıqsız qaldı.

Azərbaycan tərəfi də Ermənistana eyni şəkildə cavab verməlidir. İlk növbədə, Türkiyə və Azərbaycan arasında hərbi təlimlər həyata keçirilməli, Azərbaycan Silahlı Qüvvələrinin gücü qalib ordu kimi nümayiş etdirilməlidir. Digər tərəfdən, 34 aydır davam edən atəşkəs və Ermənistanın təslimolma müqaviləsinin hələ də həyata keçirilməməsi kontekstində Azərbaycan tərəfi onlara vaxt qoymalıdır. Buna cavab verilmədiyi təqdirdə isə Azərbaycan əməli addım atmalıdır.

Ermənistanın ABŞ-la birlikdə "Qartal tərəfdaşı 2023" təliminə toxunan B.Öztürk deyib ki, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür. Bu, vəziyyəti daha da gərginləşdirə bilər. Hətta Ermənistanda qalacaq Amerika hərbçilərinin Aİ-nin oradakı "mülki missiya"sının pərdə arxasında fərqli vəzifələr yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyini də təxmin etmək olar. Paşinyan hökumətinin Aİ missiyasını ölkəyə dəvət etməsini, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifini, ABŞ-la birgə keçiriləcək təlimi və digər məsələləri göz önünə aldığımız zaman artıq Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik. Əslində, Paşinyan hakimiyyəti də yaxınlaşan təhlükənin nə qədər ciddi olduğunu artıq anlayır. Ona görə də, Rusiyaya qarşı ittihamları sərtləşdirməklə, Kremllə qarşıdurmanı dərinləşdirməklə, ABŞ və Qərbin dəstəyini qazana biləcəyinə ümid bəsləyir. Nikol Paşinyan ABŞ və Qərbi vəziyyətin ciddiliyinə inandırmağa çalışır. Hətta o, son günlər regionda yaranmış vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına Vladimir Putini daxil etməyib, bu da Paşinyan hakimiyyəti ilə Rusiya arasında iplərin qopduğunu göstərir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.