Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Caspian Policy": Daha böyük regional birlik üçün fürsət

Azərbaycan 2024-cü ildə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrlik edəcək. Bunun üçün əsas prioritetlər artıq müəyyənləşib.

"Caspian Policy" bu barədə qurumu

n mətbuat xidmətinə istinadən xəbər verir.

"Azərbaycan sədrlik müddətində təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verməyə, xüsusilə də minatəmizləmə və münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübə və bilik mübadiləsinə, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacaq. Eyni zamanda rəqəmsallaşma sahəsində fəaliyyətin stimullaşdırılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, enerji təhlükəsizliyi sahəsi və s. kimi əməkdaşlıq sahələrinə diqqət yetirəcək".

Bundan əlavə, Azərbaycanın sədrliyi BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv dövlətlərin birgə səylərini əlaqələndirməyə davam edəcək. Sədrlik dövründə həmçinin təşkilatın səmərəliliyinin artırılmasına diqqət yetiriləcək.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın sədrliyi ilə Milli Koordinatorlar Şurası və Xarici İşlər Nazirləri Şurasının iclasları da keçiriləcək.

"Mail&Guardian": 20 Yanvar - Ümumxalq Hüzn Günü və dövlət müstəqilliyinin bərpasında dönüş nöqtəsi

1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş Qara Yanvar faciəsinin 34-cü ildönümü tamam olur.

Bu barədə "Mail&Guardian" nəşri məqalə dərc edib. Yazıda qeyd olunub ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Həmin gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edilib.

Məqalədə o da vurğulanıb ki, hər il yanvarın 20-də milyonlarla azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edir, məzarlar üzərinə tər qərənfillər düzür.

"Anadolu Agentliyi": Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib

"Anadolu Agentliyi" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib. "Çox təəssüf edirəm ki, Sünik bölgəsindən Ermənistan üçün belə faydalı marşrutun açılması hələ də kağız üzərində qalır. Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Görünür, onlar bunu tövsiyə edir. Biz gördük ki, Aİ, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan marşrutlarının açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi, dərhal bu proseslərə dəvətsiz sızmağa başladılar və spoyler rolunu oynadılar".

Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Ermənistan üçtərəfli Bəyanata əsasən marşrutların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

"Tass":Azərbaycan Parlamenti hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

"Tass" yazır ki, Parlament hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu fikir Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib.

"İnterfax": 2023-cü ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17,5% artaraq 4,3 milyard dollara çatıb

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən il 4 358 740 170 dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,5% çoxdur.

Məlumata görə, 2023-cü ildə Rusiya ilə ticarət bütün xarici ticarətin 8,52%-ni təşkil edib. Qeyd edək ki, Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasında ticarət 3 710 239 410 dollar təşkil edib (2021-ci ilə nisbətən 23,9% artıb).

"Respublika".