Ümummilli Liderin xatirəsi İstanbulda böyük ehtiramla yad edilib
Diaspora

Ümummilli Liderin xatirəsi İstanbulda böyük ehtiramla yad edilib

Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət olunub və dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Türkiyədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər. Anım mərasimində çıxış edən Baş Konsul Nərminə Mustafayeva, ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzedilməz xidmətlərdən danışıb. Vurğulayıb ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və balanslı xarici siyasətinin formalaşması ulu öndərin adı ilə bağlıdır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə nəticələnmişdir.

Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç tədbirdə çıxış edərək Türkiyə - Azərbaycan münasibətlərindən bəhs edib. İki ölkə arasındakı əlaqələrin inkişafının təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Daha sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan tələbələr üçün təsis olunan "Heydər Əliyev təqaüdü" layihəsinin təqdimetmə mərasimi keçirilib. Türkdilli dövlətlər arasında həmrəyliyə töhfə vermək və akademik fəaliyyətin artırılması məqsədilə təsis edilən təqaüd proqramı, Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə Türkiyənin İBN Haldun Universitetinin əməkdaşlığı əsasında ərsəyə gəlib. Layihə çərçivəsində hər il TDT-yə üzv və müşahidəçi ölkələrin hər birindən təhsil məqsədilə Türkiyəyə gələn bir tələbəyə təqaüd veriləcək.

İBN Haldun Universitetinin rektoru Atilla Arkan İBN Haldun Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O deyib: "Buna misal olaraq, ötən yay Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Arbitraj Yay Məktəbi keçirdik.  Bu fəaliyyətimizin davamı olaraq TDT ilə əməkdaşlıq çərçivəsində başda Azərbaycan olmaqla təşkilat nəzdindəki ölkələrlə birlikdə yay məktəbi layihəmiz var".

Təqdimetmə mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Sədi Cəfərov, Türkiyədə təsis edilən "Heydər Əliyev təqaüdü"nün məhz ümummilli liderin anım günündə ictimaiyyətə təqdim edilməsinin təsadüfi hal olmadığını, ulu öndərin təhsilə böyük önəm verdiyini qeyd edib. Vurğulayıb ki,  "Türk Dövlətləri Təşkilatı olaraq bu tədbirə qatılmaqdan böyük qürur hissi keçiririk. Universitetin təşəbbüsü ilə yaradılan bu təqaüd proqramı ilə hər il TDT-yə üzv və müşahidəçi ölkələrin hər birindən bir tələbə qeyd edilən ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanacaq. Bu çox vacib haldır".

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.