ATƏT-in keçmiş Minsk qrupu ədalətsizliyin simvolu olub
Digər xəbərlər

ATƏT-in keçmiş Minsk qrupu ədalətsizliyin simvolu olub

Azərbaycan 44 günlük müharibədə qazandığı Zəfərlə ərazilərinin işğalına son qoymaqla yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bununla da, adı hər bir Azərbaycan vətəndaşında ikrah hissi doğuran, riyakar, fəaliyyəti yalnız turist səfərləri həyata keçirməkdən və əsassız bəyanatlar verməkdən ibarət olan keçmiş Minsk qrupunun da heç bir işə yaramayan, faydasız "ömrü" sona çatdı.

Əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Azər Kərimli bildirdi ki, ATƏT-in keçmiş Minsk qrupu hələ mövcudluğunu rəmzi olsa da qoruyub saxladığı zaman kəsiyində təcavüzkar ölkəyə təzyiq göstərmək kimi beynəlxalq hüquqdan qaynaqlanan vəzifələrin icrası bir yana, heç birbaşa öz mandatında yer alan və təsisat üçün nüfuz, şərəf məsələsi olan müddəaların yerinə yetirilməsinə də səy göstərmədi. Bununla bağlı bir nümunə gətirim: Məsələn, keçmiş Minsk qrupu həmsədrlərinin 15 bənddən ibarət mandatının 11-ci bəndində nəzəri olaraq işğala son qoyulmasına xidmət edən mexanizmlər yer almışdı. Beləliklə, ATƏT-in himayəsi altında Minsk konfransı (Minsk qrupu) həmsədrlərinin mandatının 11-ci bəndində deyilirdi:

"ATƏT-in fəaliyyətdə olan sədri ilə məsləhətləşmələrdən sonra Minsk prosesinin gedişi, yerlərdəki vəziyyətin bütün aspektləri, müvafiq qətnamələrin yerinə yetirilməsi, həmçinin bu məqsədlə ATƏT-lə BMT arasındakı əməkdaşlığın vəziyyəti barədə BMT Təhlükəsizlik Şurası sədrinin məlumatlandırılması;

- Zəruri olduğu təqdirdə və fəaliyyətdə olan sədrlə məsləhətləşmələrdən sonra münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qəbul edə biləcəyi yeni qətnamələrlə bağlı mülahizə və təkliflərin BMT TŞ-yə təqdim edilməsi".

Deputat qeyd etdi ki, göründüyü kimi, həmsədrlər mandatlarına uyğun olaraq Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı müvafiq qətnamələrin yerinə yetirilməsinin vəziyyəti, işğalçının davranışları ilə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırmalı, münaqişənin həllinə təsir göstərə biləcək yeni qətnamələrin qəbul edilməsi üçün BMT TŞ-yə mülahizə və təkliflərini təqdim etməliydilər.

Amma keçmiş Minsk qrupunun həmsədrləri ATƏT tərəfindən onlara verilən mandatdan irəli gələn vəzifələrin icrası ilə məşğul olmayıblar, fəaliyyətsizlik göstəriblər və təbii ki, belə olduğu təqdirdə onların fəaliyyəti hələ müharibədən xeyli əvvəl başa çatıb.

Azərbaycan xalqı Minsk qrupunun adını belə eşitmək istəmir. ATƏT-in keçmiş Minsk qrupu artıq tarixin qara səhifələrində yer alan və yalnız ədalətsizliyin simvolu kimi xatırlanacaq ölü təsisatdır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".