İrəvan Cənubi Qafqazda düzəni dəyişdirə bilməyəcək
Digər xəbərlər

İrəvan Cənubi Qafqazda düzəni dəyişdirə bilməyəcək

Ermənistanın əsassız iddiaları Qərb tərəfindən rədd edilir

Ermənilərin 100 illik planını 44 gündə puç edən Azərbaycan postmüharibə dövründə hədəflərinə çatmağa çox yaxındır. Artıq iki ölkə arasında sülh yaratmağa cəhd edən platformalarda Qarabağın Azərbaycana məxsus olması öz təsdiqini tapıb. Nikol Paşinyan da əvvəlki kimi Qarabağ Ermənistandır demir. Ölkə liderlərinin Brüsseldəki son görüşündə hər iki tərəf qarşılıqlı olaraq ərazi bütövlüyünü tam olaraq tanıyıb. Ümid etmək olar ki, ölkə liderlərinin bu təşəbbüsü uzun illərdən sonra Cənubi Qafqazda sülhün təhlükəsizliyin bərqərar olunmasında ciddi nəticələr verəcək. Paşinyan son açıqlamalarında açıq-aşkar bildirir ki, Azərbaycanın ərazi bütövlüyünə Qarabağ da aiddir.

Ermənistanın baş nazirinin bu etirafı əslində Azərbaycanın onun üzərində yaratdığı təzyiqlə bağlıdır. Digər  tərəfdən İrəvanın əsassız iddiaları Qərb tərəfindən rədd edilir. Son illərdə Cənubi Qafqazda gedən proseslərdə Bakının maraqları ciddi surətdə nəzərə alınır. Əslində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasından başqa bir yol da yoxdur. Çünki hələ 90- illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistanın işğalçı ölkə olduğu göstərilir. Lakin uzun illər məsələnin həllində passivlik göstərən BMT ATƏT-in keçmiş Minsk qrupu münaqişənin həllini müşkülə çevirmişdilər.

2020-ci ildən etibarən beynəlxalq ədaləti öz gücünə təmin edən ölkəmiz regionda yeni reallıqlar yaradıb. Döyüş meydanında gedən mübarizəni qələbə ilə başa vuran dövlətimiz bundan sonra siyasi müstəvidə gedən proseslərdə diplomatik uğurlar əldə edib. Azərbaycan Prezidenti gündəmə gətirdiyi hər bir məsələni dəqiq sonluqla başa çatdırmağa  qadir olan yüksək diplomatik keyfiyyətlərə malikdir. Bunu biz Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılmasında da gördük. Hələ fevral ayında Münxendə yerli kanallara müsahibəsində dövlət başçısı Laçın-Xankəndi yolunda NBM qurulmasının zəruri olduğunu bildirmişdi. Bu ideyanın iki ay sonra reallığa çevrilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi.

Ümumiyyətlə, son illərdə iki ölkə arasında baş verən hadisələr onu göstərir ki, artıq Ermənistan əvvəlki qədər qərbdən lazım olan dəstəyi ala bilmir. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycan diplomatiyası bütün addımları hüquqi çərçivədə atır. Digər bir vacib məqam da ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində əsas faktor olmasıdır. Avropa İttifaqı da öz növbəsində Azərbaycanla tərəfdaşlıq etməyi daha məqbul sayır, nəinki iqtisadiyyatı iflic vəziyyətinə düşmüş Ermənistanı. Prezident İlham Əliyevin  Avropa İttifaqına daxil olan ölkələrin dövlət başçılarının etdiyi çoxsaylı qarşılıqlı səfərlər Avropa İttifaqının strateji müttəfiq kimi Azərbaycanı seçməsinin bariz nümunəsidir. Bu səfərlərin intensiv olması təkcə iqtisadi baxımdan deyil, siyasi müstəvidə üstünlük əldə etməyimizə imkan verir. Dünya ölkələrinin şəksiz olaraq ərazi bütövlüyümüzü tanıması Ermənistana Qarabağ məsələsində heç bir şans buraxmır.

Mayın 14- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə  Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələri rəsmi Bakının prinsipial mövqeyininbeynəlxalq hüququn norma prinsiplərinə uyğun bir şəkildə davam etdirildiyini göstərir. Şarl Mişel görüşün nəticələri ilə bağlı yekun açıqlamasında da bildirib kiErmənistan Qarabağda daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini rəsmən tanıyıb. Digər maraqlı məqam isə ondan ibarətdir kiaprel ayının 23-dən etibarən Laçında Həkəri çayının üzərində yerləşdirilən NBM-ni blokada kimi qiymətləndirən İrəvan rəhbərliyinin maraqları bu görüşdə diqqətə alınmayıb. Bu onu göstərir ki, Ermənistanın iddia etdiyi blokada cəfənginin heç bir hüquqi əsası yoxdur. Qarabağın da keçirilən görüşlərdə müzakirə predmeti olmaması erməni hərbi-siyasi rəhbərliyinin Cənubi Qafqazda düzəni dəyişdirə bilməyəcəyindən xəbər verir. Çünki onların əsassız iddiaları Qərb tərəfindən rədd edilir.

Musa BAĞIRLI,

"Respublika".