Cari ilin birinci yarısında Bakı şəhəri üzrə törədilən cinayətlərin 88,5 faizinin açılması təmin olunub
Digər xəbərlər

Cari ilin birinci yarısında Bakı şəhəri üzrə törədilən cinayətlərin 88,5 faizinin açılması təmin olunub

İyulun 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2023-cü ilin birinci yarısı ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Müşavirəni Baş prokuror Kamran Əliyev açaraq 2023-cü ilin "Heydər Əliyev İli" elan edildiyini bildirib, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə məlumat verib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə müvəffəqiyyətlə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə inkişaf və tərəqqinin qeydə alındığı vurğulanıb. Ölkədə kriminogen durumun nəzarətdə saxlanması, sabitliyinin təmin olunması, vətəndaşların hüquq və mənafelərinin qorunması sahəsində paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durduğu qeyd edilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2020-ci ilin mayından etibarən ölkə prokurorluğunda aparılan islahatlar nəticəsində prokurorluq orqanlarına olan etimadın artdığını bildirərək, hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birgə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2023-cü ilin birinci yarısında Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 min 552 cinayət hadisəsi qeydə alınıb və onların 88,5 faizinin açılması təmin olunub. Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.

Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 faizinin ödənilməsi təmin olunub.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Baş prokuror Kamran Əliyev müşavirəyə yekun vuraraq Bakı Şəhər Prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək, daxili işlər və digər hüquq mühafizə orqanları ilə işgüzar münasibətlərin davam etdirilməsi, ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması, maddi ziyanın ödənilməsi, ərizə və müraciətlərə baxılması zamanı vətəndaş məmnunluğunun təmin olunması, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

Ülvi QARAYEV,

“Respublika”.