Arzulardan reallıqlara
Sosial həyat

Arzulardan reallıqlara

Xocalı faciəsi... İbtidai sinifdə oxuyanda müəllimlərimiz Xocalı ilə bağlı geniş məlumat verər, dərin hüznlə faciə qurbanlarını anardıq. Hələ uşaq olduğum üçün onların bu hüznünü anlamaqda çətinlik çəkirdim. Amma yaşa dolduqca 1992-ci ilin 26 fevralında erməni daşnaklarının xalqımızın başına gətirdiyi bəlaları daha yaxşı dərk edirəm. Deyirlər, bəzən biz yolu seçirik, bəzən də yol bizi. Şübhəsiz, keçmişdəki reallıqları, şahidi olmadığım o ağır hadisələri anlamağımda tutduğum yolun - sahib olduğum peşənin də rolu böyükdür. Həmin dövrdə baş verən müsibətlərə şahidlik edən şəxsin - Xocalı sakini Qambay Həsənovun dilindən eşitdiyim zaman bir daha hər şeyin fərqinə vardım.

Hazırda 2 saylı Bakı Evtikmə Kombinatının pansionatında yaşayan həmsöhbətim XX əsrin 90-cı illərində baş verən hadisələri belə xatırlayır: "Həmin hadisələrdən bir neçə il əvvəl Rusiyada yaşayırdım. 25 yaşım var idi və Azərbaycanda vəziyyətin gərginləşdiyindən, ermənilərin vəhşiliklərindən xəbərdar idim. Böyük qardaşım mənə zəng vurub dedi ki, qayıt gəl, ermənilər orada səni öldürəcəklər. Mən Xocalıya qayıtdım və burada özünümüdafiə dəstəsinə qoşuldum. Vəziyyət heç də ürəkaçan deyildi, silah tapılmırdı. Xocalı ermənilərin mühasirəsində idi. Postda növbədə olarkən qarın nahiyəmdən güllə yarası aldım. Güllə qaraciyərimdən, ürəyimdən və şah damarımdan 5 santimetrlik məsafədə bədənimə xəsarət yetirmişdi. Məni 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) gətirdilər. Burada Naim adlı bir həkim var idi, riskli olsa da, məni narkozsuz əməliyyat etdi. Həmin əməliyyatdan sağ çıxmağım möcüzə idi, düzü yaşamağa ümidim də yox idi. Sadəcə keyidici iynə ilə əməliyyat olundum".

Qambay Həsənov söhbət əsnasında vurğulayır ki, həkimlər onun sağ qalmasına heç cür inanmırdılar. Həmin vaxt bu xəbərdən təəccüblənən səhiyyə naziri ona baş çəkməyə gəlib. Müsahibim bundan sonra 3 dəfə əməliyyat olunur. Xocalı hadisələri baş verəndə Qambay Həsənov hələ xəstəxanada idi. Lakin o, xəstəxanadan çıxdıqdan dərhal sonra Ağdama yollanır. Xocalı faciəsi nəticəsində üç qardaşını itirir,  5 nəfər qohumundan isə bu günədək hələ də xəbər yoxdur...

Q.Həsənov bütün bunları mənə danışanda qanım donmadı desəm, yanılaram. Təsəvvür etmək belə ağlasığmaz dərəcədə ağır olan bu hadisələrin real olması isə məni daha da kədərləndirirdi. Axı sadəcə bir gecədə əliyalın əhaliyə müxtəlif silahlardan atəş açılır, divan tutulur, qocalar, uşaqlar, qadınlar amansızcasına qətlə yetirilir. Geriyə isə sadəcə bu cür qandonduran xatirələr qalır. Həmsöhbətimin söylədikləri nə qədər ağır olsa da, səs tonundakı o nikbinlik diqqətimdən yayınmır. Bunun da səbəbi məlumdur. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da 30 illik işğala son qoyulmaqla yanaşı, öz doğma torpaqlarından didərgin düşmüş sakinlərin vətən həsrəti bitdi. Bu baxımdan, hər cür vəhşiliklərə şahidlik edən Qambay Həsənovun timsalında Xocalı qətliamının bütün şahidlərinin, eləcə də dünyasını dəyişənlərin intiqamı alınıb deyə bilərik. Qambay Həsənovun bununla bağlı fikirləri, əslində bütövlükdə Xocalı  sakinlərinin düşüncələrinin təcəssümü kimi də qiymətləndirilə bilər: "Bizə bu qürur hissini yaşadan Ali Baş Komandan İlham Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin haqqı əsla ödənməz. Bu gün biz Xocalı sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Bu yaxınlarda doğma yurdumuza - Xocalıya qayıdacağıq. Oraya gedəcək ilk köç karvanında mən də varam. 32 il sonra  ata yurduma qayıdacağım üçün çox şanslıyam. Bu gün Xocalıda həyatını itirənlərin hər birinin ruhu şaddır. Hazırda işğaldan azad edilmiş ərazilərdə, eləcə də Xocalıda quruculuq və bərpa işləri aparılır. Gün keçdikcə düşmənin xaraba qoyduğu yerlər gülüstana çevrilir. Uzun illər özümü bir növ yarım adam kimi hiss edirdim. Çünki ata yurdumdakı doğmalarımın qəbirlərini belə ziyarət edə bilmirdim. İndi isə bütün bunların hər biri mümkün olacaq".

Qambay Həsənovun sonuncu cümlələrində səs tonundakı sevinc hissi daha aydın nəzərə çarpırdı. Bəzilərinin mənasını tam dərk etmədiyi bir ovuc torpağın, ya da qədir-qiymətini bilmədiyi evin əsl dəyəri bir daha həmsöhbətimin söylədiklərində özünü büruzə verirdi. Yeri gəlmişkən, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və ahıl insanlar olmaqla - 613 nəfər düşmən gülləsinə tuş gələrək öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Həmçinin 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşmüşdü. Həm qeyd etdiyim göstəricilər, həm də Qambay Həsənovun danışdıqları o faciəli günün qısa təsviridir. Bununla da bir insanın ömrünə sığdırdığı "cənnət" və "cəhənnəm" anlayışlarının təzahürünə şahid oldum. Xocalılıların yaddaşında əbədi "cəhənnəm" kimi həkk olunan o faciəli gecənin sadəcə 44 gün ərzində qisasının alınması xalqımızın arzularının real ifadəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".