Artilleriya generalının həyat yolu
Tarixi şəxsiyyətlər

Artilleriya generalının həyat yolu

Aprelin 23-də görkəmli sərkərdə, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qurucularından biri Əliağa Şıxlinskinin anadan olmasının 159-cu ildönümüdür. 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyası, Qazax rayonunun Qazaxlı (indiki Aşağı Salahlı) kəndində dünyaya göz açan Əliağa Şıxlinskinin atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski şəcərəsi 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub.

Ə.Şıxlinski 1883-cü ildə təhsilini Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbində davam etdirib. Həmin məktəbdə bacarıqlı şagird olmaqla yanaşı, həm də əla suvari və gimnast kimi müvəffəqiyyət qazanıb. Onun müvəffəqiyyətləri diqqətdən kənarda qalmayıb, təhsilin başlamasından 7 ay sonra ona unter-zabit rütbəsi verilib. Ə.Şıxlinskinin müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin olub. Öz müəllimlərinin bütün yaxşı cəhətlərini mənimsəmiş gənc Əliağa, eyni zamanda kütləvi mühazirələr və məruzələrdə iştirak edərək digər hərbi məktəblərin kurslarının da dinləyicisi olub.

1904-1905-ci illərdə başlayan rus-yapon müharibəsində xüsusi fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb. Hərbi xadim 1908-ci ildə polkovnik, 1912-ci ildə isə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə general-mayor rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib. 1914-cü il Birinci Dünya müharibəsində dünyanın 30-dan çox dövləti iştirak edirdi. Tarixdə birinci dəfə idi ki, dünyanın bu qədər çox dövləti bir-biri ilə müharibəyə qoşulmuşdu. Müharibədə Rusiyanın paytaxtı olan Peterburqun artilleriya müdafiəsi Əliağa Şıxlinskiyə tapşırılmışdı. Bu, olduqca böyük etimad idi. Ona tapşırılan işin öhdəsindən bacarıqla gələn Əliağa Şıxlinski misilsiz hərbi istedadına görə "artilleriya tanrısı" kimi şöhrət qazanmışdı.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar Əliağa Şıxlinski vətəninə qayıdır. Həmin ilin dekabrında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırılır. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edilir. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyi ilə Azərbaycan milli ordusu yaradılır və ordunun xeyli cəbbəxanası formalaşır. Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski dörd müharibənin şahidi, üçünün iştirakçısı olub.

General ölümündən qabaq 1942-ci ildə "Xatirələrim" adlı hərbi memuarında şahidi olduğu dəyərli anları qələmə alıb. Kitabda Şıxlinskinin tələbəliyindən tutmuş ordu komandanı kimi şərəfli vəzifəyə yüksəldiyi uzun yol təsvir edilib. Bu əsərin gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolu vardır. Kitab onun ölümündən doqquz ay sonra 1944-cü ilin may ayında nəşr olunub.

General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib. Ölümündən 5 il öncə vəsiyyət edən hərbi xadimin son xahişi belə olub: "Əgər mən yataqda xəstə qalası olsam, xəstəxanaya göndərin. Xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın. Qəzetdə elan verməyin. Heç bir ehsan verməyin. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı, qəbri yastı tava daşı ilə örtüb üstündə yazarsınız: "Əliağa Şıxlinski".

Sərkərdə Əliağa Şıxlinskinin xidmətləri əsrlər keçsə də xatırlanacaq, xalqımız onunla həmişə qürur duyacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".