Ard-arda baş verən təbii fəlakətlər: Xoy zəlzələsi
Digər xəbərlər

Ard-arda baş verən təbii fəlakətlər: Xoy zəlzələsi

Bu il yanvarın 28-də İranın Xoy şəhərində 5.9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib, 1200 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, Xoydakı binaların əksəriyyəti tamamilə yararsız vəziyyətə düşüb. Zəlzələ zamanı İranın soydaşlarımıza qarşı göstərdiyi laqeyd münasibət, yürütdüyü qərəzli siyasət, etnik ayrı-seçkiliyin göstəricisidir. Zəlzələnin dağıdıcı təsiri nəticəsində on minlərlə insan evsiz qalıb. Sözügedən bölgədə sərt qış olmasına və zərərçəkənlərin çıxılmaz vəziyyətdə qalmasına baxmayaraq dövlət orqanları tərəfindən onlara lazımi dəstək və yardım göstərilməyib. Ən çox diqqətçəkən məqamlardan biri isə iranlı məmurların məsuliyyətsizliyidir. Hətta hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri zərərçəkmiş insanlara yardım əli uzatmağa çalışan fəallarla aqressiv rəftar etmişdir. Zəlzələdən əziyyət çəkənlər yaşayış yerləri ilə təmin olunmaq məsələsində də ciddi problemlərlə üzləşirlər. Hadisədən xeyli vaxt keçdikdən sonra onlara çadır, yemək və təmizlik vasitələri çatdırılıb. Bunun nəticəsində bir çox insan ya maşınlarda gecələməyə, ya da qarın altında qalmağa məcbur olublar. Çadırların qurulduğu düşərgələrdə texniki işlərin aşağı səviyyədə aparılması yeni təhlükələrə yol açır. Təəssüflər olsun ki, İran hökuməti Xoy şəhərində baş verən zəlzələni işıqlandırmağa da imkan yaratmır. Dövlətimiz Xoydakı soydaşlarımıza hər cür yardım göstərməyə hazır olduğunu bəyan etsə də, İran hökuməti Azərbaycanın yardımının onlara çatdırılmasına mane olur. Yardım edilməsinin qarşısı molla rejiminin cəlladları tərəfindən vəchlə alınır. Özünü “İslam ölkəsi” adlandıran İranın vətəndaşlarına qarşı belə humanitar terror yürütməsi onun regiondakı nüfuzuna kifayət qədər xələl gətirir. İranda yaşayan 30 milyondan çox azərbaycanlı ən çətin anlarında vətəndaşı olduğu dövlətdən heç bir dəstək almır. İran hökuməti soydaşlarımızın məskunlaşdığı əraziləri diqqətdən kənarda saxlayır. 

Ümumiyyətlə, azərbaycanlıların İranda yaşadığı ərazilərdəki problemlər təkcə bununla bitmir. Bu ölkədə yaşayan soydaşlarımızın səhiyyə, təhsil, və digər sosial- iqtisadi sahələrdə böyük problemləri var. İranın Təbriz, Ərdəbil, Zəncan, Urmiya və başqa şəhərlərində yaşayan azərbaycanlıların vəziyyəti gün keçdikcə daha da pisləşir. İranın hər il təsdiqlənmiş büdcəsindən bu ərazilərin sosial-iqtisadi həyatının yaxşılaşdırılması və yerli əhalinin problemlərinin həll olunması üçün məvacib ayrılsa da, buna ehtiyac olmadığı bildirilir. Bu addımlarla İran bir daha öz xain niyyətini bəlli edir. Əfsuslar olsun ki, bu qərəzli siyasətin qurbanları isə bu gün ümidlə yardım gözləyən soydaşlarımızdır…

Nəzrin ELDARQIZI,

“Respublika”.