Aqrar sahə: Bizim torpaqlar öz məhsuldarlığı ilə tanınır
Region

Aqrar sahə: Bizim torpaqlar öz məhsuldarlığı ilə tanınır

Xoş əhvali-ruhiyyə, hədsiz sevinc duyğuları ilə dolu günlər bir-birini əvəz edir. İşğaldan azad olunmuş torpaqlarımızda əsl canlanma, coşqun həyat ritmi bərpa olunur. 30 il düşmən tapdağı altında qalan rayonlarımız yenidən qurulur. Cəbrayıl rayonu respublikamızın iri kənd təsərrüfatı bölgələrindən biridir.  Müsahibimiz-- rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov  söhbət əsnasında işğaldan əvvəl rayonun aqrar sahədə qazandığı nailiyyətlərdən həvəslə söz açır:

-Rayonumuzda kənd təsərrüfatı üçün 58. 585 hektar yararlı torpaq sahəsi var idi.  Onun 20. 426 hektarı əkin, 7206 hektarı çoxillik əkin yerləri idi. 30. 379 hektar örüş yerlərimiz heyvandarlığın inkişafına köməklik edirdi. Bundan əlavə, dincə qoyulan 550 hektar ərazi və 24 hektar biçənək sahəsi də rayonumuzun ərazisinə daxil idi. 12. 509 hektar suvarılan sahədən  hər il yüksək məhsuldarlıq əldə olundu. Kənd təsərrüfatı təyinatlı ümumi ərazinin 5751 hektarı əkin yeri, 5294 hektarı çoxillik əkin, 24 hektarı biçənək, 856 hektarı qış otlaq sahəsi, 590 hektarı həyətyanı sahədən ibarət idi.

İşğaldan əvvəl rayonumuzda 280 ton barama, 64 min ton üzüm, 18 min ton taxıl istehsal olunurdu. İctimai təsərrüfatlarda 12 min baş, şəxsi təsərrüfatlarda 35 min baş iribuynuzlu, şəxsi və ictimai təsərrüfatlarda 210 min baş davar bəslənirdi. Göründüyü kimi, aqrar sahədə rayonumuzun böyük imkanları olub. Artıq Cəbrayıl rayonu işğaldan azad olunmuşdur.  30 illik həsrətimizə son qoyan bu möhtəşəm  hadisə yurdumuzun hər yerində olduğu kimi, bizim rayonumuzda da  iki ildir ki,  böyük coşqu ilə qeyd olunur.  Sevincimizin həddi-hüdudu yoxdur.  Bu sevinci,  xoşbəxt anları bizə bəxş edən Ali Baş Komandanımıza,  Müzəffər Ordumuzun igid əsgər və zabitlərinə dərin təşəkkürümüzü bildiririk.  

Hər qarışı min cür nemət bitirən barlı-bəhərli münbit torpaqlarımız yolumuzu gözləyir.  Tezliklə o torpaqlardan traktor,  texnika səsi eşidiləcək.  Uzun illər boyu taxılçılıq, üzümçülük, heyvandarlıq rayonu olan Cəbrayılın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq. Aqrar sahədə çalışan cəbrayıllıların əkin-biçin işində zəngin təcrübəsi var. Biz köçkün həyatı yaşadığımız illərdə də torpaqdan ayrılmamışıq. 30 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi nəticəsində ölkənin aqrar sektorunda dayanıqlı və dinamik  inkişaf təmin edilmiş,  rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşması üçün əlverişli mühit yaradılmışdır.  Respublikamızın əldə etdiyi belə nailiyyətlərdə hər il olduğu kimi, bu il də Cəbrayıl rayonunun payı vardır. Artıq hamıya məlumdur ki,  1993-cü ilin 23 avqustunda rayon ərazisi erməni hərbi birləşmələri tərəfindən işğal edildiyindən əhalimiz respublikamızın 50-dən çox şəhər və rayonunun ərazisində məskunlaşmaq məcburiyyətində qalmışdır.  Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2002-ci il tarixli  Fərmanı  ilə  Biləsuvar rayonu ərazisində məskunlaşmış 2698 ailənin hər birinə  bərabər qaydada olmaqla müvəqqəti istifadə üçün 0, 59 hektar,  1858 ailənin hər birinə isə 0, 40 hektar əkin üçün torpaq sahəsi verilmişdir.  Bununla yanaşı, məcburi köçkünlərin şəxsi vəsaitləri hesabına ətraf ərazilərdəki torpaqların əkinəyararlı hala salınması və uzunmüddətli icarəyə alınma torpaqları hesabına əkin sahələri xeyli genişləndirilmiş,  həmin torpaqlarda  bu ilin məhsulu üçün 12. 300 hektarında buğda, 5026 hektarında arpa becərilib. 10 hektarda şəkər çuğunduru,  digər bitkilər əkilmişdir.

Yola salmaqda olduğumuz ildə rayon üzrə bütün əkin sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilmiş,  fermerlərə DAİM-in mütəxəssisləri və Nazirliyin rayon tabeli qurumları tərəfindən vaxtaşırı maarifləndirici seminarlar vasitəsilə dəstək göstərilmişdir.  Aparılmış tədbirlərin nəticəsidir ki,  bu il sahələrdən 8. 680 ton buğda,  4554 ton arpa yığılmışdır.

Baramaçılığın və ipəkçiliyin inkişafına dair  Dövlət Proqramının icrası istiqamətində də işlər davam etdirilmişdir.  Bu məqsədlə 2016-2018-ci illərdə rayona Çin Xalq Respublikasından 47, 5 min ədəd,  daxili istehsaldan isə 64 min ədəd olmaqla ümumilikdə 111, 5  min ədəd tut tingi verilmiş və 200 nəfərdən çox  istehsalçı arasında paylanılaraq becərilməsi davam etdirilmişdir.  Bu il rayon üzrə 77 nəfər istehsalçı tərəfindən 4. 957 kiloqram barama istehsal edilmiş və rayon üzrə barama planı 112 faiz icra olunmuşdur.

Direktor deyir ki,  kənd təsərrüfatı məhsullarının artırılmasında mineral gübrələrin üstünlükləri barədə fermerlərlə maarifləndirici söhbətlər daha da genişləndirilmiş,  gübrələrdən istifadənin təşviqi istiqamətində qabaqcıl fermerlərin nəticələri barədə əsaslandırılmış işgüzar görüşlərin sayı artırılmışdır.  Artıq fermerlərdə bu sahəyə maraq xeyli gücləndirilmişdir.  

Əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsini daha da yaxşılaşdırmaq,  bu məhsullar üzrə ehtiyacların idxaldan asılılığını minimuma endirmək istiqamətində də  işlər davam etdirilmişdir.  Yola saldığımız  ildə  rayonda iribuynuzlu heyvanların sayı 10987 başa,  xırdabuynuzluların sayı 100405 başa çatdırılmışdır

Rayon üzrə arıçılıqla məşğul olan ailələrlə ətraflı maarifləndirici tədbirlər davam etdirilmiş,  103 nəfər  tərəfindən 1378  arı ailəsinin saxlanıldığı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun arı ailələrinin uçota alınması başa çatdırılmışdır.  Şahin müəllim əlavə edir:

--Əlbəttə, mən cari ildə təsərrüfatın bütün sahələrində əldə etdiyimiz nailiyyətlərdən misallar gətirə bilərəm. 1992-ci ildə rayon üzrə 64 min ton üzüm, 275 ton barama, 20, 6 min ton taxıl, 2600 ton tərəvəz, digər məhsullar istehsal edildi. Biz tezliklə doğma rayonda bu rəqəmləri nəinki təktar edəcək, hətta qat-qat yüksəltməyə nail olacağıq.  

Tofiq HÜSEYN,

“Respublika”.