AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
Region

AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB

Novruz bayramı ərəfəsində Masallı "ASAN xidmət" mərkəzinin qarşısında qələbəlik hökm sürürdü. Burada üstü qırmızı rəngli çadırlarda cənub bölgəsində istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının, kənd təsərrüfatı təyinatlı müasir texnika və texnologiyaların sərgisi təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Aqrar Biznes Festivalında Masallı rayonunun rəsmiləri, Kənd Təsərrüfatı, İqtisadiyyat, Elm və Təhsil Nazirliklərinin tabeli qurumlarının nümayəndələri, bank və bank olmayan kredit təşkilatlarının mütəxəssisləri, dövlət və özəl sektorun əməkdaşları, Lənkəran, Lerik, Astara, Masallı və Biləsuvar rayonlarında aqrar sahədə çalışan fermerlər, sahibkarlar iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbiri giriş sözü ilə açaraq rayonun aqrar sahədə böyük potensiala malik olduğunu, məhsul istehsalının ildən-ilə artırıldığını, keçirilən festivalların fermerlərin maarifləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Respublika Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova aqrar sahədə yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq baxımından bölgələrdə keçirilən bu cür tədbirlərin fermerlər və yerli sahibkarlar üçün vacib və əhəmiyyətli olduğunu qeyd ediblər.

Festivalda kənd təsərrüfatı təyinat

lı texnikalar, müasir suvarma avadanlıqları, bitki mühafizə vasitələri, müxtəlif növ bitki və tərəvəz toxumları, yüksək gəlirli bitki nümunələri nümayiş olunub.

Kredit yarmarkasında maliyyə qurumları, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli şərtlərlə aqrar təyinatlı kreditlərin verilməsi, müxtəlif kredit məhsulları barədə məlumatlar verilib.

Festivalda, həmçinin kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri tərəfindən müxtəlif məhsullar nümayiş olunaraq satışa çıxarılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".