Qayıdışın mübarək, əziz Şuşa!
CƏMİYYƏT

Qayıdışın mübarək, əziz Şuşa!

Şuşada möhtəşəm anlar yaşandı, otuz iki ildən sonra qədim qala öz sakinlərinə qucaq açdı, bir vaxtlar acı göz yaşları ilə tərk etdikləri şəhərə sevinclə, qürurla qayıtdılar, İlahi haqqın, şanlı Qələbənin, hərbi gücün, siyasi məharətin, qətiyyətin, iradənin, səbrin təntənəsi yaşandı.

Əlbəttə, mayın 10-da Şuşada yaşanan hissləri, duyğuları sözə sığışdırmaq mümkün deyil, kəlmələr, ifadələr bu təntənənin qarşısında çox acizdir. Bir vaxtlar kimsə desəydi ki, Şuşaya qayıdırıq, bu sözlər adama yuxu kimi gələrdi, nə xoş ki, bu yuxu qəhrəman oğullarımızın hünəri sayəsində həqiqətə çevrildi, Şuşa düşmən əsarətindən azad edildi.

Otuz iki il əvvəl, məhz mayın 8-də yağı düşmənin işğal etdiyi, yandırdığı, xarabalığa çevirdiyi Şuşa 2020-ci il noyabrın 8-də azadlığına qovuşdu. Düşmənin sıldırım qayaların hər addımında müdafiə xətti qurduğu qalaya qalxmaq heç xəyallara sığışmır, düşmənin kirli caynaqlarını oradan qoparmaq ağla gəlmirdi. Ağla, xəyala sığışmayanları qəhrəman oğullarımız həqiqətə çevirdilər və Qalib Ali Baş Komandana qələbə raportunu verdilər. Şuşa döyüşləri dünya hərb tarixində xüsusi yer tutur, hərbi analitiklər onun strategiyasını araşdırmağa cəhd edirlər. Burada 8 rəqəminin sehri, fəlsəfəsi, mənəvi anlamı da diqqət çəkir, onun alt qatında həqiqətən bir möcüzə gizlənir. 10 may tarixi isə Şuşanın yeni doğum tarixidir, "Dəmir yumruq"la möhürlənmiş həqiqətdir.

Haqqın, ədalətin, şücaətin təntənəsi altında Şuşaya qayıdırıq, ilk köç artıq qədim qalayadır. Şuşalılar doğma yurda qürurla qayıdırlar. Otuz iki il bu günün həsrətini çəkən şuşalı məcburi köçkünlər öz evlərinə, isti ocaqlarına köçürlər. Uzun ayrılıq, acı həsrət, kədərli günlər sona yetir. Şuşa öz sakinlərini qarşılayır! Şuşalılara bu sevinci yaşadan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sakinlərin minnətdarlıq, ürək sözləri sanki yaz seli kimi coşub daşdı. Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma bir neçə gün əvvəl keçirildi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin püşkatma otağının qarşısına toplaşan şuşalıların sevinci, qələbəlik, məğrurluq, doğma Şuşaya tez çatmaq istəyi hər kəsin çöhrəsindən duyulurdu. Ahıl kişilər, ağbirçək nənələr uşaq kimi sevinirdilər. Şuşalılar bir-birini qucaqlayıb təbrik edirdilər. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzillər təqdim edilib. Qeyd edək ki, mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Qarabağa Böyük Qayıdışın Şuşa mərhələsi başlandı, şuşalı ailələr doğma şəhərlərinə, isti yuvalarına qovuşurlar. Vətən müharibəsindəki tarixi qələbəmiz və Böyük Qayıdış Şuşa Zəfəri ilə yaddaşlara həkk olundu. Prezident İlham Əliyevin tapşırığı əsasında, Böyük Qayıdışın Şuşaya ilkin mərhələsi toy-bayrama çevrildi və bu torpaqlar uğrunda şəhid olan igidlərin ruhu dinclik tapdı. Yenidən, tarix və müasirliyin sıx bağları ilə qurulan şəhərə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunurlar. Şuşa tarixi qələbəmizin zirvəsidir və bu zirvədən Qalib Ali Baş Komandan İlham Əliyev Azərbaycanı təhdid edənlərə, imperialist güclərə, ermənidən çox ermənilik edənlərə və xüsusilə, Fransaya açıq mətnlə mesaj verərək bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 illik fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz.

Yəqin ki, bu ismarışdan hər kəs öz hesabını götürməli olacaq, çünki iqtisadi, hərbi və mənəvi cəhətdən Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Qarabağ problemini öz hünəri hesabına həll etdi. Üç ildən artıqdır ki, azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, çox nəhəng infrastruktur layihələr icra edilir, "ağıllı şəhər", "ağıllı kənd"lər salınır, mərmilərin şırım açdığı torpaqlar əkilir, minalardan təmizlənən əkin yerlərinə toxum səpilir, bir sözlə, bu yerlərə şərəfli və ləyaqətli həyat qayıdır. Azadlığın, dirçəlişin, qayıdışın mübarək, əziz Şuşa! Şuşalılar uzun illərin həsrətindən sonra ən xoşbəxt və sevincli günlərini yaşayırlar, gözünüz aydın olsun!

Salman ALIOĞLU,

"Respublika".