ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN İGİD
Region

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN İGİD

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin 44 gününün hər biri Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə həkk olundu. Hər gün ordumuz irəli gedərək yeni ərazilər, yüksəkliklər, şəhərlər azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri və zabiti bu müharibədə erməni işğalına son qoyulması, tarixi ədalətin bərpası üçün müqəddəs bir amalla vuruşurdu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Qəhrəman oğullarımız Ermənistan ordusunu döyüş meydanında məhv etdi, onların öz orduları haqqında yaratdıqları mifi dağıtdı, erməni faşizmini darmadağın etdi. İşğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən zəfər hər bir azərbaycanlının qürur, iftixar mənbəyinə çevrildi. Bu şanlı qələbənin əldə olunmasında öz canlarından keçmiş, şəhidlərimizə qəhrəman qazilərimizə borcluyuq.

Vətən müharibəsində, torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş qəhrəman oğullarımızdan biri də Rəşad Nüsrət oğlu Kazımovdur. O, 1989-cu il dekabrın 21-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Rəşad orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır, sonra isə müddətdən artıq hərbçi kimi qulluğunu davam etdirir. 2020-ci il sentyabrın 27-də Vətən torpaqlarının işğaldan azad olunması uğrunda başlayan müharibənin ilk günlərindən döyüşə atılır. Hadrut, Xocavənd Füzuli və Şuşanın azadlığı uğrunda gedən gərgin mübarizədə qəhrəmanlıqlar göstərir, komandanlıq tərəfindən verilən döyüş tapşırıqlarını şərəflə yerinə yetirirdi. Rəşad Kazımov Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən gərgin döyüşdə şəhid olaraq ən uca məqama yüksələrək öz şərəfli adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdırıb.

Vətənin igid, qəhrəman oğlu Rəşad son döyüşə yollananda anası ona sənin sağ-salamat qayıtmağın üçün çoxlu dua edəcəm deyəndə Rəşad anasına deyir, Ana mənə yox, torpaqlarımızın azad olunması üçün dua et deyərək ailəsi ilə vidalaşır. Və bu onun doğmaları ilə son vida görüşü olur. Rəşadın qardaşı da İkinci Qarabağ müharibəsində iştirak edib. Qardaşım mənə deyirdi ki, hərbçi ol, çox şərəfli peşədir. Qardaşım Rəşad həddindən ziyadə vətənpərvər, vətənə bağlı idi. O, torpaqlarımızın erməni işğalı altında olmasını heç zaman qəbul etmir, inanırdı ki, müqəddəs yurd yerlərimiz tezliklə işğaldan azad olunacaq, erməni vandallarını öz doğma ərazilərimizdən qovacayıq. Rəşidin dayısı bildirir ki, mən Birinci Qarabağ uğrunda gedən müharibədə iştirak etmişəm. Ancaq o torpaqlarımızı azad etmək bizə nəsib olmadı. Bu şərəfli missiyanı yerinə yetirmək Rəşada və onun kimi qəhrəman igid övladlarımıza qismət oldu. Atası Nüsrət kişi oğlunun qəhrəmanlıqlarından qürur duyduğunu deyərək mən onunla fəxr edirəm, ona görə ki, torpaqlarımızın yağı düşməndən təmizlənməsində mənim oğlumun da payı var. Lazım gələrsə yenə də 2 oğlumu Vətən üçün göndərərəm. Çünki Vətən hər şeydən ucadır, vətən varsa ana da var.

Qəhrəman şəhidimiz Rəşad Kazımov Füzulinin, Xocavəndin, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Rəşad ailəli idi. Onun Rəsul və Əsma adlı 2 övladı Vətənə əmanət qalıb.

Əli SADIQOV,

"Respublika".