TƏHSİL İŞÇİLƏRİNƏ QAYĞI ARTIR
Region

TƏHSİL İŞÇİLƏRİNƏ QAYĞI ARTIR

Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində olduğu kimi, həmkarlar təşkilatının işində də xeyli dəyişiklik baş vermiş, onların fəaliyyətində demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Azərbaycan Respublikasının Həmkarlar İttifaqının 5 fevral 1993-cü ildə keçirilmiş birinci qurultayında inzibati amirlik sistemi dövründə yaranmış həmkarlar ittifaqları şurası buraxılaraq, səlahiyyətlər Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına verildi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı. Azərbaycan Həmkarlar İttifaqları dünya həmkarlar ittifaqına qoşulmaqla dünyada gedən proseslərdə fəal iştirak etməyə başladı. Bu gün dünya ictimaiyyətinin diqqət mərkəzində olan ərzaq məsələsi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın qloballaşması, milli münaqişələrin həlli və s. kimi qlobal problemlərin həllində həmkarlar ittifaqının fəaliyyəti danılmazdır.

Bu da mahiyyət etibarilə cəmiyyətdə insan amilinə verilən diqqəti özündə ehtiva edir. Bu baxımdan təhsil işçilərinin sosial təminatının yaxşılaşdırılması, müəllim və şagirdlərin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət daimi diqqət və qayğı göstərməkdədir. Eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhsil müəssisələrində çalışan pedaqoji işçilərin hüquqlarının qorunması, ixtisaslarının və pedaqoji səviyyələrinin yüksəldilməsinə və ya yenidən hazırlanmasına maksimum şərait yaradılır, onların peşəkarlığının artırılması ön plana çəkilir.

Bu səlahiyyətləri öz öhdəsinə götürən Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquq və maraqlarının müdafiəsi sahəsində aparıcı rol oyayır. Bu mühüm vəzifənin yerinə yetirilməsinin, təhsil işçilərinin hüquqlarının qorunması və istirahətinin təşkili ilə bağlı, həyatını elmə və təhsilə sərf etmiş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri Bayram Hacıyevlə həmsöhbət olduq. O, qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra cəmiyyətin bütün digər sahələri kimi, həmkarlar ittifaqlarının da fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırması labüd idi. Lakin yeni dövrün çağırışlarına uyğun fəaliyyət göstərmək həmkarlar ittifaqları üçün o qədər də asan deyildi. Əlbəttə, həmkarlar ittifaqları sosial tərəfdaş olaraq keçid dövrünün ortaya qoyduğu problemlərin həllinə təsir göstərə bilən güc kimi iştirak etməkdən ötrü, ilk növbədə, öz daxilində struktur islahatları həyata keçirməli idi. Bu missiya yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yerinə yetirmək imkanı əldə edildi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, tələbkarlığı və yürütdüyü səmərəli siyasət sayəsində həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu yeni dövrün tələblərinə uyğun formalaşmağa və artmağa başladı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının tədricən bərpa olunması istiqamətində iri addımlar atıldı.

Bu gün, dövlət başçısı cənab İlham Əliyev əbədiyaşar Heydər Əliyevin təhsil istiqamətindəki məqsədyönlü siyasətini uğurla həyata keçirərək bu dahi siyasətçinin "Təhsil millətin gələcəyidir" aforizmini müasir çağırışlara uyğun reallaşdırır. Davamlı, innovativ sosial inkişaf yolunda irəliləyən Azərbaycan təhsil sistemində təhsil ocaqları müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə qurulmuş, maddi-texniki bazası aparıcı dövlətlərin təhsilinə uzlaşdırılmış və möhkəmləndirilmişdir. Bu baxımdan demokratik idarəçilik prinsiplərinə əsaslanan AHİK təşkilatının da möhkəmlənməsinə və fəaliyyət dairəsinin genişlənməsinə dəstək verilmişdir. 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu bu təşkilatın nüfuz qazanmasına stimul verdi. Həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan iri addımlar, icra edilən Dövlət proqramları və islahatlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Verilən bütün qərar və sərancamlar Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanmışdır. Gəncə şəhərində də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhsil müəssisələrində çalışan pedaqoji işçilərin ixtisaslarının və pedaqoji səviyyələrinin yüksəldilməsinə və ya yenidən hazırlanmasına lazımi şərait yaradılır, onların peşəkarlığının artırılması ön plana çəkilmişdir. Bağlanmış müqavilədən keçən müddət ərzində təhsil işçilərinin əmək, sosial-iqtisadi və digər hüquq və maraqlarının müdafiəsi ilə bağlı Şəhər Təhsil İdarəsi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ümumən təmin edir.

Təhsil işçilərinin əməkhaqları müəyyən tarif dərəcələrinə uyğun olaraq hazırlanır, hər ay vaxtında, gecikdirilmədən verilir və qanunvericiliyin tələblərinə tam riayət edilir. Ümumiyyətlə, təhsil işçilərinin ərizə və şikayətlərinə baxılması diqqət mərkəzindədir. İşçilərin işdən azad olunmasında yerli həmkarlar təşkilatlarının rəyi öyrənilir və bundan sonra bu vacib məsələnin həllinə yönəldilən müvafiq qərarlar qəbul olunur. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin məsələsi qanunamüvafiq qaydada həll olunur, obyektivlik tam təmin edilir. 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərinin XI sinfi bitirib, ali təhsil müəssisələrinə qəbulda 650-dən çox bal toplayan 15 nəfər məzunla görüş keçirilmiş, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə yüksək balla qəbul olan 13 nəfər müəllimə hədiyyələr təqdim edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Şuşa İli"nə həsr olunmuş intellektual oyunda qalib gəlmiş Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdlərinin Bakı şəhərində televiziya çəkilişində iştiraketmə hüququ qazanmış qalib kamandaya dəstək olunmuş, köməklik göstərilmişdir. Mütəmadi müharibə veteranları və veteran müəllimlərlə görüşlər keçirilir. Mədəni-kütləvi tədbirlər olan 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü, Novruz, Ramazan, Qurban bayramları, 8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd olunur.

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə 62 nəfər Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş ittifaq üzvlərinin hər birinə 50,0 manat məbləğində mükafat verilmişdi. 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə Şəhər Təhsil İdarəsinin və komitənin təşəbbüsü ilə təntənəli tədbirlər keçirilmiş, şəhid olmuş ittifaq üzvlərinin valideynlərinə, övladları şəhid olmuş ittifaq üzvlərinə və İkinci Qarabağ müharibəsində iştirak etmiş ittifaq üzvlərinə maddi yardım, qiymətli hədiyyələr təqdim edilmişdir. "44 günlük Vətən müharibəsində şəhid olmuş Gəncə şəhər təhsil işçiləri və onların ailə üzvləri" adlı geniş xatirə lövhəsi hazırlanmışdır.

Tam əminliklə demək olar ki, Həmkarlar təşkilatı bundan sonra da Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verən, öz potensialını gənc nəslin təlim-tərbiyəsinə, savadlı, vətənpərvər, layiqli vətəndaşlar kimi yetişməsinə həsr edən, bu ağır yükü çiyinlərində şərəflə daşıyan pedaqoji ictimaiyyətə, təhsil sahəsində çalışan insanlara diqqət və qayğısını daha da gücləndirəcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".