Ağdam-Əsgəran-Xankəndi yolundan imtinada məqsəd gərginliyi artırmaqdır
Digər xəbərlər

Ağdam-Əsgəran-Xankəndi yolundan imtinada məqsəd gərginliyi artırmaqdır

Ermənistan Laçın dövlət sərhədində təxribatlar törətməklə öz siyasi manipulyasiyalarına davam edir. Laçın dövlət sərhədində Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasının təşkil edilməsində məqsəd ərazidə guya "blokada" vəziyyətinin hökm sürdüyünü və humanitar yüklərin erməni əhalisinə çatdırılması üçün məhdudiyyətlərin olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan tərəfi Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırmış və baş verə biləcək hər hansı hadisəyə görə məhz rəsmi İrəvanın məsuliyyət daşıyacağını bildirmişdi. Xəbərdarlıqlara baxmayaraq, iyulun 26-da Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədində buraxılış məntəqəsində cəmləşdirilməsi həyata keçirildi. Bu, Ermənistan tərəfinin siyasi şousu, manipulyasiya və növbəti təxribat cəhdidir. Digər tərəfdən, bu cəhd anti-Azərbaycan dairələrinin fəallığı ilə daha da geniş vüsət almaqdadır. Hayların "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli böhtanları - siyasi manipulyasiyası anti-Azərbaycan dairələri tərəfindən geniş miqyasda təbliğ edilir, beynəlxalq ictimaiyyət Ermənistanın növbəti bədnam planına şahidlik edir. Qeyd edək ki, xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrinin Laçına dəvət edilməsi şounun universal olması üçün istifadə edilən alətdir. Əfsuslar olsun ki, hayların beynəlxalq məkandakı təbliğatlarına reaksiya verən bəzi Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Ağdam-Əsgəran-Xankəndi yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri regionda gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan öz suveren ərazilərində məskunlaşmış erməni əhalisinə qarşı hər cür qayğını göstərməkdədir. Baxmayaraq ki, reinteqrasiya çərçivəsində danışıqların aparılması üçün Yevlaxa dəvət edilən erməni əhalisinin nümayəndə heyəti bu görüşdən də, boyun qaçırdı. Onların humanitar ehtiyaclarının ödənilməsi üçün Azərbaycan tərəfi heç bir maneə törətmir, əksinə bu cür riyakarlığa məruz qalır. Lakin Azərbaycanın təklif və tələbi qətidir. Humanitar yüklərin daşınması Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə həyata keçirilməlidir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərmək təklifini dəstəkləmiş, bu yola qarşı çıxmamışdı. "Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram", - deyə Avropa İttifaqının rəhbəri bu yola dəstəyini bildirmişdi.

Ağdam-Xankəndi yolunun bütün texniki göstəriciləri beynəlxalq standartlara cavab verir. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur.  Bu, Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təchiz etməyin ən qısa yoludur. Sovet dövründə keçmiş Dağlıq Qarabağın təchizatı məhz bu yol vasitəsilə həyata keçirilir, onun Azərbaycan SSR-in qalan hissəsi və SSRİ-nin digər respublikaları ilə əlaqələri təmin edilirdi. 1970-ci illərin sonlarında Azərbaycan SSR hökuməti Yuxarı Qarabağa Bakı-Ağdam-Xankəndi dəmir yolunun tikintisini də başa çatdırdı və bu, bölgənin avtomobil rabitəsini tamamladı. Hazırda logistika baxımından Ağdam-Xankəndi yolu Laçın marşrutundan daha əlverişlidir.

Laçın dövlət sərhədindəki siyasi manipuly

asiyaya obyektiv yanaşmalar da var. İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri bölgədəki şoudan əyani şəkildə xəbərdar olublar. Bu da öz növbəsində geniş kütlələrin hadisəyə obyektiv yanaşma sərgiləməsi üçün əsas rol oynayır. Avqustun 14-də media nümayəndələri Zəngilandan sonra Laçına gələrək əvvəlcə Laçın dövlət-sərhəd-buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar bütün prosedurlarla yaxından tanış olublar. Keçid məntəqəsində ermənilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Həmçinin onlar Ermənistan tərəfindən yük maşınlarının toplanmasının və siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar.

Laçındakı siyasi şou və Ağdam-Əsgəran-Xankəndi yolundan istifadə barədə avqustun 16-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə bir daha vurğuladı ki, Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, fəaliyyət göstərir və bütün lazımi yüklərin daşınması üçün açıqdır: "...Ağdamla Xankəndi arasında cəmi 23 km məsafə var. Diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!", - o qeyd edib.

Ermənistanın sülh prosesini uzatması fonunda bu cür siyasi manipulyasiyalara əl atması təbii haldır. Lakin üst-üstə gələn riyakarlıqlar, regional destabilliyin hökm sürməsi, hərbi təxribatların baş verməsi, ortalığa atılan yeni "soyqırımı" böhtanı və digər arqumentlər Ermənistanı labüd sona yaxınlaşdırmaqdadır. Havadarlarının yardımı ilə yenidən dirçəlməyə çalışan Ermənistanın yeni müharibə üçün hazırlıq görməsi də sirr deyil.

Nurlan ABDALOV,

"Respublika".