Açıq dənizdə neftçıxarma epoxasının başlanğıcı
İQTİSADİYYAT

Açıq dənizdə neftçıxarma epoxasının başlanğıcı

7 noyabr 1949-cu ildə Xəzər dənizindəki “Neft Daşları”nda ilk neft quyusu fontan vurub. Beləliklə, 942 metr dərinliyində 1 №-li quyunun (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil olması ilə dənizdə neftçıxarmanın əsası qoyulub. Bununla da dünyada açıq dənizdə ilk dəfə neftçıxarmanın istinad nöqtəsi olan əfsanəvi şəhər-platforma - "Neft Daşları" yaranıb.

"Neft Daşları"nı yeddi gəmi adası, dünyanın səkkizinci möcüzəsi də adlandırırlar. Çünki dünyanın heç bir neft ölkəsində bu cür şəhər-platformanın analoqu yoxdur. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən “Neft Daşları” dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə salınıb. Əfsanəvi Neft Daşlarının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib, ilk kəşfiyyat quyusunu isə Mixail Kaveroçkinin briqadası qazıb.

Bu barədə verilən məlumatlarda qeyd olunur ki, 1948-ci il noyabrın 14-də yağışlı, tufanlı bir gündə "Qara daşlar"a "Pobeda" gəmisində 23 nəfərdən ibarət qrup gəlir. Onlar ilk qazma qurğusu və briqada üçün kiçik evcik tikirlər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırılır. Gəmilər həm də neftçiləri dalğalardan qoruyur, onlar üçün ev, anbar, idarə, istirahət yeri rolunu oynayır. Bu səbəbdən də, həmin illərdə "yeddi gəmi adası" ifadəsi işlədilir. İlk neft yatağı fontan vurur. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki adı "Qara daşlar" "Neft Daşları" ilə əvəzlənir. Üç il sonra burada dünyada ilk dəfə olaraq estakadalar tikilir. İkinci quyunun qazılmasına 1949-cu il dekabrın 19-da başlanılmış və 1950-ci ilin birinci yarısında bu quyudan da neft fontan vurmuşdu. İlk iki quyu "Neft Daşları" rayonunda nəhəng neft ehtiyatlarının mövcudluğunu sübuta yetirdi. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olan "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla "Dənizneftlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu da təsis olundu. Eyni zamanda, SSRİ Neft Sənayesi Nazirliyinin tərkibində "Başdənizneft" Ümumittifaq İstehsalat Birliyi yaradıldı, neft sənayesinin görkəmli təşkilatçısı Sabit Orucov birliyin ilk rəisi və eyni zamanda, SSRİ Neft sənayesi nazirinin müavini təyin edildi. Bundan sonra, "Neft Daşları"nda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında neftçi Qurbanın və Mixail Kaveroçkinin briqadaları tərəfindən qazılan quyular neft verdi. 1951-ci il fevralın 18-də neftlə dolu ilk tanker "Neft Daşları"ndan yola salındı. Çətin dəniz şəraitində çalışan, dalğalarla üz-üzə qalan qəhrəman neftçilərimiz 1958-ci ildə "Neft Daşları"nda yeni qəsəbənin bünövrəsini qoydular. Neft Daşlarında bu gün yaşayış binaları, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Polad estakadalar üstündə ağaclar əkilib, park salınıb. Burada 2286-ya qədər quyu qazılıb, 180 km-dən artıq estakada salınıb, 333 istehsal meydançası quraşdırılıb, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.

"1949-cu il noyabrın 7-də Bakıda, “Neft Daşları”nda ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu". Bu fikirləri Prezident İlham Əliyev "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrikində bildirib. Dövlət başçısı vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. "Neft Daşları" yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Həmin proseslərin mənbəyi isə əfsanəvi "Neft Daşları"dır.

Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik “Neft Daşları”nda qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu öndər "Neft Daşları"nı respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz "Neft Daşları"nda qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Ötən müddət ərzində dəniz şəraitində müasir infrastrukturlu istehsalat "şəhəri"nə çevrilən "Neft Daşları" indi öz inkişafının yeni mərhələsini yaşayır. "Neft Daşları" yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Mustafa KAMAL,

"Respublika".