ABŞ-ın
Siyasət

ABŞ-ın "Ermənistan kartı"

ABŞ son zamanlar proseslərdəki  aktivliyi ilə seçilir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra rəsmi Moskva bir sıra problemlərlə üzləşdi.

Belə bir məqamda Vaşinqton Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə müdaxilə cəhdlərini daha da artırdı. Bu ilin əvvəlində ABŞ-ın proseslərdəki fəallığı özünü daha qabarıq şəkildə göstərdi. Hətta dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh danışıqları da məhz bu ölkədə keçirildi. Xatırladaq ki, ilk dəfə idi ki, sülh danışıqları müdaxiləsiz davam edirdi və nazirlərin görüşündə sülhə yaxınlaşma müşahidə olunmuşdu.

Eyni zamanda, görüşdən sonra tərəflərin sülh təkliflərini bir-birinə açıq kanallarla göndərməsi "presedenti" başlamışdı. Əslində isə ABŞ-ın bu görüşə evsahibliyi etməkdə məqsədi Azərbaycan ilə Ermənistan arasında sülh sazişində vasitəçilik missiyasını üzərinə götürməklə Rusiyanın danışıqlarda dominantlığını aradan qaldırmaq idi. Ağ Ev bununla bölgəyə təsirini gücləndirəcəyinə ümid edirdi. Ermənistanın bütün danışıqlarda özünü məğlub tərəf saymaması üzərində qurulan təmasların da hədəfi "perspektiv qisas" almaq istəyindən irəli gəlirdi. Həmçinin rəsmi İrəvan indiyə qədər əldə edilən nəticələri manipulyasiya etməyə çalışırdı. ABŞ dövlət katibi Antoni Blinken də daxil olmaqla, Cənubi Qafqaza müdaxiləyə cəhd göstərən Qərb gücləri Paşinyan hakimiyyətini sülh sazişini imzalamamağa sövq edirdilər. Xatırladaq ki, ABŞ, hətta tarixin arxivinə gömülmüş separatçı rejimə də öz dəstəyini göstərirdi. Başqa sözlə, rəsmi Vaşinqton hər il müxtəlif adlar altında keçmiş xunta rejiminə milyonlarla dollar yardım edirdi. ABŞ bununla yanaşı, ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi özünü yalandan bitərəf kimi göstərir, Ermənistanla Azərbaycan arasındakı problemin həllinə "töhfə verən" ölkə görüntüsü yaratmağa çalışırdı.

Bundan əvvəl isə Senatın Xarici Əlaqələr Komitəsində "Qarabağdakı vəziyyətlə bağlı" dinləmələr keçirilmişdi. Bu zaman ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin senator Pat Rikettsin sualına verdiyi cavab xüsusi diqqət çəkirdi. Belə ki, Yuri Ermənistanın Rusiyadan qopması ilə bağlı sualına cavabında bildirib: "Bu barədə danışmaq hələ tezdir. Amma bu o demək deyil ki, biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir".

Bu isə o anlama gəlir ki, ABŞ Ermənistana tam dəstək verməyi öhdəsinə götürüb. Yuri Kimin həmin müzakirələrdən dərhal sonra ölkəmizə qarşı ittihamedici açıqlaması və birbaşa Ermənistanın işğalçı mövqeyindən çıxış etməsi bir daha Vaşinqtonun yeni "ssenarisinin" göstəricisidir. Hazırda ABŞ-ın əsas məqsədi bütün vasitələrdən sui-istifadə etməklə Rusiyaya ağır zərbə vurmaq, onu bölgədən çıxarmaqdır. Burada da yenə Qərbin hər zamankı "Ermənistan kartı" aktivləşir. Digər bir məqamı da qeyd edək ki, ABŞ Senatının Azərbaycanın ərazisi daxilində olan hansı bir bölgəni müzakirəyə çıxarması da beynəlxalq prizmadan yanaşdıqda sual altındadır. ABŞ Dövlət Departamenti bu addımı atmaqla, ölkəmizin ərazi bütövlüyünə qarşı çıxdı. Rəsmi Vaşinqton, həmçinin Ermənistana tam dəstəklə Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə toqquşma yaratmaq niyyətindədir.

Şübhəsiz, Azərbaycan ABŞ-ın bu mövqeyinə səssiz qalmayıb. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavab verib. XİN sözçüsü bildirib ki, əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi, dövlətimizə qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı: "Məhz ABŞ-ın də iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır".

ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində ölkəmizin ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Bütün bunların müqabilində rəsmi Vaşinqtonun bu gün işğalçı Ermənistana dəstəyi, "İrəvan kartını" aktivləşdirməklə bölgədəki vəziyyəti ələ almaq nəticələri uğursuz olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və ölkəmizin ərazi bütövlüyü toxunulmazdır.

Nəzrin ELDARQIZI,

"Respublika".