ABŞ enerji sahəsində ölkəmizi daim dəstəkləyir
İQTİSADİYYAT

ABŞ enerji sahəsində ölkəmizi daim dəstəkləyir

Azərbaycan hazırkı siyasəti nəticəsində böyük uğurlara nail olub. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə inkişaf prosesi sürətlənib, illərdir həsrət qaldığımız torpaqlara qovuşmuşuq. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün doğma yurdumuz yüksək inkişaf dövrünü yaşayır. Bir çox sahədə atılan uğurlu addımlar ölkəmizin regionda lider qismində çıxış etməsində böyük rol oynayır. Mövcud vəziyyətə nəzər salsaq görərik ki, hazırda bir çox qonşu və uzaq ölkələr Azərbaycanla iqtisadi-siyasi, həmçinin mədəni əlaqə qurmaq üçün can atırlar.

Ölkəmizin sahib olduğu təbii sərvətlər onu daha çox maraq dairəsinə çevirir. Şübhəsiz ki, qurulan əlaqələrdə ixrac edilən malın təbiiliyi, yüksək keyfiyyətə malik olması onu bir o qədər əlçatmaz və dəyərli edir. Bu mənada hazırda əməkdaşlıq etdiyimiz ölkələr imzalanan müqavilələrin müddətini uzadır və ya ixrac həcmini artırır.

Regionun əsas neft ölkələrindən biri kimi, Azərbaycan ön planda çıxış edir. Bu mənada Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir. Azərbaycan sabit və etibarlı imici ilə diqqət çəkir. Ölkəmiz enerji təhlükəsizliyi məsələsində Avropanın ən etibarlı tərəfdaşlarındandır. Azərbaycan Respublikası Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.

Ölkəmiz ötən ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayıb. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Avropa üçün Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də, Aİ Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu bildirib. Ümumilikdə nəzər salsaq, Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80 faizini, digərlərinin isə 15-20 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən də dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Qeyd edək ki, ABŞ uzun illərdir ki, Azərbaycanın enerji strategiyalarını, gördüyü işləri təqdir edir və dəstəkləyir. Ötən ilin yarısına qədər ABŞ Prezidenti Cozef Baydenin ölkəmizə üçdən çox məktub göndərməsi bunun əyani nümunəsidir. İlk məktub Müstəqillik günü, ikincisi isə Bakı Enerji Forumunun önəmi barədə olub. Təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunan Bayden "Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə evsahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir", - deyib. ABŞ ötən dövrlərdə olduğu kimi, bu gün də Azərbaycanın sadiq tərəfdaşıdır. Həmçinin Bayden ölkəmizin regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bununla yanaşı, o, bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. ABŞ ölkəmizin enerji siyasətini dəstəkləyir. Bayden bunu göndərdiyi bütün məktublarda təsdiqləyib.

Şübhəsiz ki, ölkəmizin hazırda enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrası onun bazardakı önəmini daha da artırır. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi, Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu mənada cari ilin fevralında Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkəmizin "Yaşıl enerji" konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırıb: "Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xətt Avropa İnvestisiya Bankının, həmçinin Avropa İttifaqının "EU Global Gateway" strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil edir. Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə etməsi nəticəsində Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələr icra olunub. EIB-in prezidenti, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib".

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda ölkəmizlə bağlı öz səmimi sözlərini mediaya bildirib: "Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbət öhdəliyin nümunəsidir. ABŞ-ın Azərbaycana zəngin enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında və Avropada enerji təchizatının diversifikasiyasında göstərdiyi səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi və enerji əməkdaşlığının zəminini təşkil edir.

Birləşmiş Ştatlar anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlətə keçid dövrünü yaşayır. Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyaya yönələn fəaliyyətləri həyata keçirməkdədir".

Azərbaycan sabit və etibarlı imici ilə diqqət çəkir. Bu mənada Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".