9 ayın sosial göstəriciləri
Sosial həyat

9 ayın sosial göstəriciləri

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz (609 mln. manat) çox olmaqla 4 mlrd. 277 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yeni sosial islahat paketi çərçivəsində 2023-cü il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Həmçinin ötən il pensiyaçılara verilmiş maddi yardımlar bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib. Bu artımdan sonra pensiyalar ötən ilki orta aylıq əməkhaqqının artım tempi üzrə 14,7 faiz indeksləşdirilərək artırılıb. Yanvar-sentyabr aylarında pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 466 manata çatıb.Qeyd olunan dövrdə 23,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

***

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 24 min və ya 1,4 faiz artaraq 1 milyon 770 minə çatıb. Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı olub. Bu ilin 9 ayında əməkhaqqı fondunda daha 12 faiz artım qeydə alınıb. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib.

“Respublika”.