2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
Sosial həyat

2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2022-ci il 15 dekabr tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gələn il üçün iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar - Yeni il bayramı;

20 yanvar - Ümumxalq Hüzn Günü;

8 mart - Qadınlar günü;

20, 21, 22, 23, 24 mart - Novruz bayramı;

21, 22 aprel - Ramazan bayramı;

9 may - Faşizm üzərində Qələbə günü;

28 may - Müstəqillik Günü;

15 iyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

28, 29 iyun - Qurban bayramı;

8 noyabr - Zəfər Günü;

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2023-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.