20 Yanvar tarixi qəhrəmanlıq salnaməsidir
Siyasət

20 Yanvar tarixi qəhrəmanlıq salnaməsidir

20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərliyini göstərən qəhrəmanlıq salnaməsidir. 20 Yanvar faciəsi "beynəlmiləlçilik və xalqlar dostluğu" pərdəsi altında SSRİ adlı bir imperiyanın mahiyyətini açmış, bu dövlətə az-çox inanan insanların inamını sarsıtmışdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli azadlıq hərəkatına güclü təkan vermiş və respublikada siyasi mübarizə yeni mərhələyə daxil olmuşdur.

20 Yanvar Azərbaycanı gözləyən bəlaların ilkin mərhələsi idi. O zaman xalqın haqq səsini dünyaya çatdıra bilmədik. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən Bakının küçə və meydanlarına çıxaraq buna öz etirazını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin gün xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bölmələrinin hərbi müdaxiləsi nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev 21 yanvarda ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, burada mətbuat konfransı keçirərək Bakıda qanlı aksiyanı törədən şəxsləri kəskin tənqid etmişdi. Heydər Əliyev cəsarətlə bu hadisəni demokratiyaya, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdi.

Qısa müddət sonra Vətənə qayıdıb ovaxtkı nankor rəhbərlərin törətdiyi maneələr səbəbindən doğulduğu Naxçıvana üz tutan, burada muxtar respublikanın parlamentinə deputat seçilən ulu öndər Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında 20 Yanvar hadisəsi ilə bağlı növbəti dəfə çox sərt şəkildə çıxış etmişdi: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə insan həlak olmuş, xəsarət almış, itkin düşmüşdür".

Çıxışında Heydər Əliyev qatillərin aşkarlanması məsələsini qaldırmış, Ali Sovetin sessiyasında 20 Yanvar faciəsinə  qiymət verilməsinin vacibliyini vurğulamışdı. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyevin kəskin bəyanatları Azərbaycan tarixində yeni siyasi dövrün başlanğıcını əks etdirmişdi.

1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdıb siyasi qarşıdurmanın və ümumi böhranın qarşısını alan ümummilli lider 1994-cü il yanvarın 12-də ölkə Prezidenti kimi keçirdiyi müşavirədə 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi məsələsini yenidən gündəmə gətirərək demişdir: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, yaxın illərdəki sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Beləliklə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ölkəmizdə azadlıq mücahidlərinə, 20 Yanvar faciəsində şəhid olanların ailələrinə xüsusi qayğı göstərilir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü qeyd edilir, xalq istiqlal fədailərinin məzarlarına al qərənfillər düzür, onları qürurla anır, qatilləri lənətləyir, bu faciəni törədənlərə nifrətini bildirir.

Bəli, 20 Yanvar hadisəsindən çox da böyük zaman keçmədən Azərbaycan xalqı müstəqilliyinə qovuşdu. Şəhidlərimizin, 20 Yanvar mücahidlərinin ruhu şad oldu, qanları yerdə qalmadı.

Azərbaycan növbəti azadlığına, bütövlüyünə, Qarabağına doğru şərəfli bir yola çıxdı. 44 günə Qarabağ münaqişəsinə son qoyuldu. 2023-cü ildə isə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, yurdumuz erməni separatçılarından təmizləndi. Bu gün Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda və digər ərazilərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır...

Emin VƏLİYEV,

Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun Tərtər hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı.