DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

HAKAN FİDAN: TÜRKİYƏ VƏ RUSİYA MÜNASİBƏTLƏRİ ÇOX YAXŞI SƏVİYYƏDƏDİR

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinlə görüşdə “iki ölkə arasında münasibətlərin çox yaxşı olduğunu” bəyan edib. “Anadolu” agentliyinin xəbərinə görə, türkiyəli nazir “BRICS+” iclasına qatılmaq, habelə ikitərəfli görüşlərdə iştirak etmək məqsədilə Rusiyada səfər edib.

Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə, Türkiyənin XİN başçısı Rusiya prezidenti ilə görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “İki ölkə arasındakı münasibətlər həqiqətən də fövqəladə yaxşı səviyyədədir”.

Eyni zamanda, türkiyəli diplomat Ukrayna-Rusiya münaqişəsi kontekstində ölkəsinin vasitəçilik fəaliyyətini əsirgəməyəcəyini qeyd edib. “Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq”, - deyə nazir vurğulayıb.

AĞ EVDƏN AVROPA PARLAMENTİNƏ KEÇİRİLƏN SEÇKİLƏRƏ MÜNASİBƏT

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinin birmənalı olmadığını bildirib. “Trend” agentliyinin xəbərinə görə, Ağ Ev rəsmisi bu barədə brifinq zamanı qeyd edib.

“Bəzi ölkələrdə və bütünlüklə Avropada nəticələr birmənalı olmadı, lakin demokratiya budur”, - deyə Con Kirbi qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ hökuməti Avropa Parlamentinin tərkibindən asılı olmayaraq, Avropadakı müttəfiqləri ilə əməkdaşlıq etməyə davam edəcək.

“Biz Avropa qitəsindəki müttəfiq və tərəfdaşlarımıza hörmət edirik və mütləq inanırıq ki, Avropa Parlamentində kimin yer alacağından asılı olmayaraq, Aİ ilə işləməyə davam edə biləcəyik”, - deyə Con Kirbi bildirib.

Eyni zamanda, Ağ Ev nümayəndəsi həmçinin Fransa parlamentinin buraxılmasına və ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibət bildirib: “Prezident Fransanın demokratik yolla seçilmiş liderlərinin kim olmasından asılı olmayaraq onlarla işləyəcək”.

HƏMAS ABŞ-IN ATƏŞKƏS PLANININ ONLARA UYĞUN OLDUĞUNU TƏSDİQLƏYİB

HƏMAS hərəkatının rəhbərliyi ABŞ-ın Qəzza zolağında atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib. “TASS” agentliyinin xəbərinə görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında bəyan edib.

“HƏMAS siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk mənə zəng edib və o, ABŞ prezidenti Cozef Baydenin təkliflərinə əsaslanan bu qətnamənin onlara uyğun olduğunu söylədi”, - deyə nazir müavini vurğulayıb.

Bununla yanaşı, HƏMAS üçün belə həssas məqamlar arasında Mixail Boqdanov İsrailin Qəzza zolağından çıxarılması, tam atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələsini də qeyd edib.

KÜVEYTDƏ YAŞAYIŞ BİNASINDAKI YANĞINDA ÖLƏNLƏRİN SAYI ARTIB

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər həlak olub. “Əl-Cəzirə” telekanalının verdiyi xəbərə görə, yanğın zamanı 15 nəfər ağır yaralanıb.

Məlumata əsasən, binada əcnəbi miqrantlar yaşayıb. Hazırda onların şəxsiyyətlərinin və mənsub olduğu ölkələrin müəyyənləşdirilməsi üçün işlər aparılır.

Eyni zamanda, Küveyt hökumət başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

“Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır. Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar”, - deyə hökumət rəsmisi vurğulayıb.

Bununla yanaş, ölkənin daxili işlər naziri hadisə yerinə səfəri zamanı daşınmaz əmlak sahiblərini qanun pozuntularında günahlandıraraq məhz bu amillərin insidentə səbəb olduğunu bildirib.

“POLITICO”: EMMANUEL MAKRON MÜTTƏFİQLƏRİNİ FƏLAKƏTƏ SÜRÜKLƏYİR

Emmanuel Makronun koalisiyasına daxil olan parlament üzvləri prezidentin yeni parlament seçkiləri keçirmək qərarı ilə onları fəlakətə sürükləyə biləcəyindən ehtiyatlanır. “Trend” agentliyinin verdiyi xəbərə görə, “Politico” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

“Fransa prezidentinin müttəfiqləri Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra Milli Assambleyaya növbədənkənar seçkilər təyin etmək barədə gözlənilməz qərar verən Emmanuel Makronun onları fəlakətə sürükləyə biləcəyindən narahatdırlar”, - deyə nəşr qeyd edib.

Bununla yanaşı, “Bloomberg” agentliyi isə Makronun Milli Assambleyanı buraxmaq və yeni parlament seçkiləri keçirmək qərarının onun rəhbərlik etdiyi “İntibah” partiyasında xaosa və qəzəbə səbəb olduğunu iddia edib.

Xatırladaq ki, iyunun 9-da Emmanuel Makron Avropa seçkilərində partiyasının iflasından sonra Milli Assambleyanın buraxıldığını və növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

TÜRKİYƏDƏ MALİYYƏ SİSTEMİNDƏ SÜNİ İNTELLEKT TƏTBİQ EDİLƏCƏK

Türkiyənin Maliyyə Nazirliyi süni intellektə əsaslanan dövlət xərclərinə nəzarət etmək üçün yeni üsullar hazırlamağa başlayıb. Bu barədə “Sputnik” informasiya agentliyi Türkiyənin “Dünya” qəzetinə istinadən xəbər verib.

Nazir Mehmet Şimşəyin sözlərinə görə, iki aydan sonra hazırlıq işləri başa çatacaq və bir il ərzində süni intellekt mühasibat sistemlərinə daxil ediləcək.

“Biz xərclərin səmərəliliyini, keyfiyyətini, qərar qəbuletmə sürətini və dövlət vəsaitlərinə qənaət etmək üçün süni intellektin dəstəyi ilə mühasibat uçotu və qabaqcıl maliyyə analitikası layihəsini həyata keçiririk. Süni intellekt sayəsində maliyyə auditinin risk yönümlü infrastrukturu yaradılacaq, həmçinin daxili və xarici auditin səmərəliliyi artırılacaq. Biz hazırlıq işlərini iki ay ərzində başa çatdırıb, sistemi 12 ay ərzində tətbiq edəcəyik”, - deyə nazir vurğulayıb.

Mehmet Şimşək süni intellekt Baş Mühasibat Uçotu Müdirliyi tərəfindən ümumilikdə müxtəlif ssenarilər çərçivəsində, həmçinin ödənişlər, əmanət, yığımlar, maliyyə statistikası, xərclər, maaşlar və digər sahələrdə də məlumatları təhlil etmək üçün istifadə ediləcəyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və erkən xəbərdarlıq sistemi rolunu oynayacaq.

AVROPADA HƏR İL 2,7 MİLYON İNSAN BU SƏBƏBDƏN VƏFAT EDİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dörd əsas amilin - tütün, normadan artıq emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtin Avropada ildə 2,7 milyon insanın ölümünə səbəb olduğunu açıqlayıb. “The Straits Times” qəzetinin verdiyi xəbərə görə, ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Klüge bu dörd amilin hər gün azı 7 min insanı məhv etdiyini diqqətə çatdırıb.

ÜST rəsmisi bildirib ki, sənayenin həmin sahələri ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərlə mübarizə səylərinə mane olur.

Eyni zamanda, xəbər verilir ki, Avropada yaşlı insanların təxminən 60 faizi, uşaqların üçdəbiri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Ən son məlumatlara əsasən, Avropada ürək-damar xəstəlikləri və xərçənglə bağlı hər beş ölümdən biri qeyri-sağlam qidalanma vərdişlərinin nəticəsidir.

Bununla yanaşı, ÜST ölkələri qeyri-sağlam məhsulların marketinqi, inhisarçılıq praktikası və lobbiçiliklə bağlı daha güclü qaydaların tətbiqi ilə mübarizə aparmağa çağırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.