DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKIYƏ VƏ VENESUELA İQTİSADİ SAHƏLƏR ÜZRƏ MÜQAVİLƏLƏR İMZALAYIBLAR

Türkiyə və Venesuela neft-kimya, qızıl hasilatı, neft-qaz sənayesində əməkdaşlıq müqavilələri imzalayıblar. “Venezolana de Television” telekanalının xəbərinə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Dövlət başçısı müqavilələrin imzalanması mərasimində bildirib ki, Türkiyə ilə Venesuela arasında strateji layihələr və qarşılıqlı faydalı tərəfdaşlıq inkişaf etdirilir.

Eyni zamanda, prezident “yeni dünyanın formalaşması” və “Türkiyə-Venesuela birliyi” istiqamətində atılan addımları xüsusi vurğulayıb. Maduro həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğunu xatırladıb.

“Bu gün biz ammonyakın istehsalı üçün neft-kimya zavodunun tikintisi ilə bağlı sənədləri imzalayırıq”, - deyə Nikolas Maduro qeyd edib.

RUSİYADA ŞAXTALAR SƏBƏBİNDƏN FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

Rusiya Fövqəladə Hallar Nazirliyi şaxtaların əkin sahələrinə təsir göstərməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edildiyini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkədə hökm sürən şaxtalı hava şəraiti 11 rayonda əkin sahələrinə ciddi ziyan vurub.

Rusiyanın Kənd Təsərrüfatı naziri Oksana Lut bir müddət öncə məsələ ilə bağlı açıqlamasında şaxtaların daha çox alma bağlarına təsir etdiyini və boşluğu aradan qaldırmaq üçün meyvəni xaricdən gətirə biləcəklərini bəyan edib.

Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, soyuq hava xüsusilə Rusiyanın mərkəzi rayonlarında müşahidə edilir. Şaxtalar səbəbindən təxminən 830 min hektar ərazidə əkin sahələrinə ziyan dəyib.

Məlumata əsasən, “Giləmeyvə İttifaqı”nın baş direktoru İrina Koziy bildirib ki, Rusiyada müşahidə olunan soyuqlar qarağat, çiyələk, moruq, böyürtkən və bir çox başqa giləmeyvələrin yığılmasına daha ciddi təsir göstərib.

SUDANDA TOQQUŞMALAR ZAMANI ÖLƏNLƏRİN SAYI 288 NƏFƏRƏ YÜKSƏLIB

Döyüşlərin gərginləşməsindən bəri Sudanın qərbindəki El-Faşer şəhərində 288 dinc sakin həlak olub. “Report” agentliyinin məlumatına görə, bunu Şimali Darfur əyalətinin Səhiyyə Nazirliyinin baş direktoru İbrahim Abdulla Xatir bildirib.

“Mayın 10-dan indiyədək qeydə alınan ölüm hallarının sayı 288-ə çatıb”, - deyə baş direktor vurğulayıb. O əlavə edib ki, həmin dövrdə zərərçəkənlərin sayı 1300 nəfərə çatıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və ahıl insanlardır.

Xatırladaq ki, may ayının 10-dan Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə şiddətli toqquşmalar başlayıb. Bu, 15 aprel 2023-cü ildən Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında ölkə daxilində genişmiqyaslı qarşıdurmanın son eskalasiyasıdır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, toqquşmalar ölkə daxilində 15550 nəfərin həyatına son qoyub, 8,8 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İSVEÇRƏ 600 KİLOQRAM ÇƏKİSİ OLAN ELEKTROMOBİL SATIŞA ÇIXARIR

İsveçrənin istehsal etdiyi “Microlino” elektromobili bu ayın sonunda satışa çıxarılacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir. Belə ki, o, daha çox müvafiq kateqoriyaya aid sürücülük vəsiqəsi ilə idarə edilən dördtəkərli motosikletdir.

Məlumata görə, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.

Bildirilir ki, “Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və 4 saat ərzində şarj olunur.

Eyni zamanda, xəbər verilir ki, kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura və iki çanta qoyula bilər. Elektromobilin başlanğıc qiyməti 25600 avro təşkil edir.

YENİ KALEDONİYADA İĞTİŞAŞLAR NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Yeni Kaledoniyada iğtişaşlar nəticəsində daha 1 nəfər paytaxt jandarma qüvvələri ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.

Məlumata görə, hadisə arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.

Eyni zamanda, prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib.

Xatırladaq ki, Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi rəsmi Parisin 10 ildən çox müddət ərzində Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali isə bu qərarın əleyhinə çıxıb.

ABŞ QƏZZA ZOLAĞINA YARDIMIN ÇATDIRILMASINI BƏRPA EDƏCƏK

ABŞ təmir edilən müvəqqəti körpü vasitəsilə Qəzza zolağında ehtiyacı olan fələstinlilərə humanitar yardımın çatdırılmasını tezliklə bərpa edəcək. “Report” agentliyinin məlumatına görə, bunu jurnalistlərə brifinqdə vitse-admiral, ABŞ Mərkəzi Komandanlığının rəhbərinin müavini Bred Kuper bildirib.

Vitse-admiralın sözlərinə görə, amerikalı hərbçilər körpünün yenidən işə salınması məsələsində “aktuallığı tam dərk edərək hərəkət edirlər”. O qeyd edib ki, yardıma ehtiyacı olan insanlara mümkün qədər tez kömək etmək niyyətindəyik.

Bred Kuper qeyd edib ki, may ayının ilk həftəsi ərzində estakada vasitəsilə Qəzzaya 907,1 min tondan çox humanitar yardım çatdırılıb. O, iki gün ərzində estakada yenidən açıldıqdan sonra tədarükün 455 min tona çatdırılacağını vurğulayıb.

Eyni zamanda, Bred Kuper başqa bir fövqəladə vəziyyət yaranacağı təqdirdə ABŞ ordusunun bir sıra planlarının olduğunu diqqətə çatdırıb. “Bizim hava şəraitinə uyğunlaşmaq üçün bir sıra fövqəladə planlarımız var. Əsas məqsədimiz humanitar yardımın həcmini maksimal həddə çatdırmaqdır”, - vitse-admiral əlavə edib.

MAKRON RUSİYANI SAXLANILAN FRANSALINI AZAD ETMƏYƏ ÇAĞIRIB

Fransa prezidenti Emmanuel Makron Rusiyanı Moskvada saxlanılan Fransa vətəndaşını azad etməyə çağıraraq ona qarşı olan ittihamları əsassız adlandırıb. “TASS” agentliyinin verdiyi xəbərə görə, söhbət Moskvada saxlanılan Fransa vətəndaşı olan Loran Vinatyedən gedir.

“Biz Rusiyanı bu işin bütün elementlərini aydınlaşdırmağa və onu mümkün qədər tez azad etməyə çağırırıq”, - deyə Emmanuel Makron Yelisey sarayındakı mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, saxlanılan Fransa vətəndaşı Loran Vinatye İsveçrə QHT Humanitar Dialoq Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Məhkəmə onun haqqında avqustun 5-dək həbs qətimkan tədbiri seçib.

Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə ittiham olunur. Bu maddə üzrə maksimum həbs müddəti beş ilə qədərdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.