24 saatın kifayət etmədiyini söyləyənlər üçün
Bəzi insanlar zaman qıtlığından tez-tez şikayət edirlər. Yəqin ki, aranızda: "İşdən heç başımı qaşımağa vaxtım yox", yaxud "bu qədər işi qısa bir müddətdə necə çatdıracağam", - deyənlər çoxdur. Hətta: "Niyə işimi vaxtında bitirə bilmirəm", - deyib özlərini məzəmmət edənlər də var. Bu qınaqların səbəbi bəzən kimisə incitmək qorxusu, bəzən mükəmməllik arzusu, bəzən isə özünə inam hissindən qaynaqlanır. Bəs necə edək ki, zamanı idarə edə bilək?
Zamanın idarə edilməsinin ən vacib qaydalarından biri onun qurduğu tələlərə qarşı diqqətli olmaqdır. Məsələn, önəmli olmayan ziyarətlər, gərəksiz toplantılar, ünsiyyət, nizamsız çalışmaq, lazımsız telefon zənglərinə cavab vermək və disiplinsizlikdən çəkinmək lazımdır. Bu qaydalara riayət etməklə balanslı, nizam-intizamlı və daha məhsuldar yaşamaq mümkündür.
Vaxtın idarə edilməsində vacib olan əsas faktor vaxtın nə qədər olması deyil, mövcud olan zaman çərçivəsində işlərin düzgün planlaşdırılmasıdır. Bunun üçün Pomodoro texnikası, Eisenhower Matrisi, Kanban texnikası kimi istifadə edilə biləcək bir sıra texniki yanaşmalar var.
Həm iş, həm də məktəb həyatında tez-tez istifadə edilən pomodoro texnikası çox faydalı nəticələr verən bir texnikadır. Belə ki, texnikanın mobil tətbiqləri 80-ci illərin sonlarında hazırlanmış və 25 dəqiqəlik iş və 5 dəqiqəlik fasiləyə əsaslanır. Texnikanın tətbiqində sayğacdan istifadə edilir.
Keçmiş ABŞ prezidenti Duayt Devid Eyzenhauer tərəfindən hazırlanan Eisenhower Matrisi texnikası isə "vacib olan şey nadir hallarda təcilidir, təcili olan isə nadir hallarda vacibdir" şüarına əsaslanır.
Vaxt idarəetmə üsulları arasında ən çox istifadə edilən texnikalardan biri də Kanban texnikasıdır. Yaponların istifadə etdiyi bu texnika növü vizuallaşdırma, davam edən işlərin məhdudlaşdırılması, axını idarə etmək, siyasətləri aydınlaşdırmaq, geribildirim dövriyyəsinin qurulması kimi bir sıra qaydalardan ibarətdir.
Kaş ki, bitkilərin bu xüsusiyyəti bizdə də olaydı...
Çoxlarımız ağrılardan əziyyət çəkdiyimiz zaman çarəni ağrıkəsicilərdə tapırıq. Tez bir zamanda ağrı əleyhinə hər hansı bir həbi qəbul etməklə bu bəladan xilas olmağa çalışırıq. Bəlkə də sizlərə inandırıcı gəlməyəcək, amma, sən demə, bu problemlə yalnız bizlər deyil, bitkilər də üzləşirmiş. Üstəlik onlar bizlərdən fərqli olaraq öz ağrıkəsicilərini özləri istehsal edirmiş. Yəqin düşünəcəksiniz ki, bu, necə mümkün ola bilər?
"Science Advances" jurnalında dərc olunan araşdırmaya görə, bitkilər ətrafdakı təhlükələrin stressi altında olduğu zaman öz ağrıkəsicilərini özləri istehsal edirlər. Belə ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı bitkilərin təhlükə hiss etdikdə müdafiə mexanizmini işə salaraq aspirinin aktiv maddəsi olan salisil turşusu istehsal etdiyi məlum olub.
Məlum olduğu kimi, bu maddədən əsrlər boyu insanlar ağrı və iltihabı müalicə etmək məqsədilə istifadə etmişdir. Alimlər bu maddənin ətraf mühitin zərərli faktorlarından qorunmaq üçün bitkilərə də təsir etdiyini deyirlər.
Mütəxəssislərin fikrincə, bitkilərdə bu maddə, stress kimi amillərə cavab olaraq fotosintez prosesinin baş verdiyi xloroplastlarda əmələ gəlir.
"Eynilə bizim kimi bitkilər də ağrı çəkir və ağrıkəsicidən istifadə edirlər", - deyə tədqiqatçılardan biri, Wilhelmina van de Ven qeyd edib.
Bitkilərin özünü müdafiə mexanizminin mürəkkəb reaksiyalar zəncirini başa düşmək üçün biokimyəvi analizlər aparan alimlər, onların stress faktorlarının böcəklər, quraqlıq kimi problemlərdən qaynaqlandığı qənaətinə gəliblər. Hətta bu vəziyyətin bəzi bitki növləri üçün ölümcül ola biləcəyi də vurğulanıb. Bilavasitə bu tapıntının getdikcə istiləşən planetimizdə bitkilərin ekoloji təhlükələrə qarşı daha davamlı olması üçün istifadə edilə biləcəyi bildirilib.
Biz də yarasalar kimi hərəkət edə bilərikmi?
"Betmen" filminə ilham verən yarasalar məlumdur ki, canlılar aləmində xüsusi qabiliyyətləri ilə seçilir. Onların görməməsinə rəğmən ultrasəs dalğalar vasitəsilə maneələri dəf etmək bacarığı bu günə qədər elm dünyasında saysız-hesabsız araşdırmanın mövzusu olmuşdur. Bəs bizlər necə, bu məməlilər kimi hərəkət edə bilərikmi?
Maraqlıdır ki, elm adamları bunun mümkün olduğunu iddia edirlər. Belə ki, görmə problemi olanlar üzərində apardıqları araşdırmalara əsaslanan alimlər, insanların da, yarasalar kimi obyektlərin forması və hündürlüyünü hiss edə biləcəyinin mümkün olduğunu deyirlər.
Görmə qabiliyyətini itirmiş insanların səslərə daha həssas olduqları əksəriyyətə məlumdur. Əlbəttə ki, Daredevil obrazı kimi hər şeyi asanlıqla hiss etmək mümkün olmasa da, lakin araşdırmalar insanlarda bu qabiliyyətin inkişaf edə biləcəyini göstərir.
Aparılan araşdırmalara görə, insanların obyektlərdən gələn səs dalğalarına görə ətrafdakı maneələri müəyyən edə bildiyi məlum olub.
Görmə problemi olan insanlar üzərində aparılan təcrübələr zamanı iştirakçıların dilləri ilə çıxardıqları səslərin əks-sədası ilə cisimlərin ölçü və formasını müəyyən edə bildikləri ortaya çıxıb. Bilavasitə iştirakçıların birbaşa qarşılarındakını deyil, 45 dərəcə bucaq altında olan maneəni daha yaxşı aşkar etdikləri və labirintdən asanlıqla yol tapa bildikləri bəlli olub. Təbii ki, tədqiqatçılar insanlardan yarasa sürəti və çevikliyini gözləməsələr də, bu bacarığın onların həyat keyfiyyətinin yaxşılaşmasında böyük rol oynayacağına tam əmindirlər.
Qəbiristanlığın da "şən"i var imiş...
Ölüm deyəndə ağla ilk olaraq son mənzilimiz - qəbiristanlıq gəlir. Ölümün qaçılmaz bir gerçəklik olduğunu bildiyimiz halda, bir gün bu dünyadan köçəcəyimizi və son ünvanımızın qəbiristanlıq olacağını təsəvvür edəndə dərin hüznə qərq oluruq. Lakin bəzi ölkələrdə insanların ölümlə bağlı qorxunc fikirlərini dəf etmək, onlarda bu məkanla əlaqəli pozitiv əhval-ruhiyyə yaratmaq üçün qeyri-adi, şən ab-hava bəxş edən qəbiristanlıqlar mövcuddur. Yəqin düşünəcəksiniz ki, qəbiristanlıq necə pozitiv təsir bağışlaya bilər? Demək ki, hərdən belə şeylər də olur...
Rumıniyanın Sapıntsa şəhəri yaxınlığında "Şən qəbiristanlıq" adı ilə tanınan məkan dünyanın heç bir qəbiristanlığına bənzəmir. Oradakı hər bir başdaşı mərmər məqbərələr əvəzinə üzərində şeir olan rəngarəng taxtalardan hazırlanmış xalçalarla bəzədilib. Qəbiristanlığın "şən" adını daşımasının səbəbi isə qəbirlərin üzərində ölən adamların məşğuliyyəti, onların həyatından olan səhnələrin rəngli rəsmlərlə təsvir edilməsi və şəxsiyyətləri ilə bağlı yumoristik şeirlər yazılmasıdır. Qəbiristanlıq bir növ açıq havada olan muzeyi xatırladır. Stan Yon Petraş adlı rumıniyalı rəssamın 1930-cu ildən ömrünün sonuna qədər qəbir daşlarına çəkdiyi şən rəsm və karikaturalar yerli sakinlər və turistlər arasında böyük şöhrət qazanıb. Rəssamın bu təşəbbüsü ölümə yas tutmaqdansa, onu nikbin bir şəkildə qarşılamaq üçün unikal bir üsul idi.
Bəlkə də, qəbiristanlığa tamaşa etdikdən sonra bəzilərinizin ağlından belə bir fikir keçəcək: "Belə qəbiristanlıqda dəfn olunmağa görə ölməyə dəyər"...
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".