Azərbaycan qlobal nəqliyyat-logistika habına çevrilib
İqtisadiyyat

Azərbaycan qlobal nəqliyyat-logistika habına çevrilib

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz üstünlüyə malikdir.

Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən proqramlar uğurla reallaşdırılır. Ötən illər ərzində nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə icra olunub, o cümlədən yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı işlər uğurla davam etdirilib. Paytaxtda və bölgələrdə çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi Azərbaycanın prioritetləri sırasında yer alır. Son illər bu sahəyə böyük həcmdə investisiyaların yönəldilməsi və çoxsaylı layihələrin reallaşdırılması deyilənləri bir daha təsdiqləyir. Nəqliyyat sektoruna qoyulan investisiyalar açıq dənizə çıxışı olmayan Azərbaycanı nəqliyyat mərkəzinə çevirib. Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulmasına dövlət tərəfindən güclü siyasi, maddi dəstək göstərilməsi ilk növbədə o amillə şərtlənir ki, respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. İstər şərqdən qərbə, istərsə də şimaldan cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir.

Mövcud unikal nəqliyyat infrastrukturunun dünya bazarlarına daha əlverişli çıxışının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur. Ən əsası isə etibarlı və təhlükəsiz investisiya mühitinin yaradılması bu istiqamətdə vacib addımlardandır. Xəzər dənizinin beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesində Azərbaycan mühüm rol oynadı. Ölkəmiz Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərilir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Azərbaycanda dəniz daşımalarının inkişafına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz töhfəsini verir. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan bu liman açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Ölkəmiz Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir.

Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına üstünlük verir. Bu sahədə region və dünya üçün vacib olan bir sıra layihələrin reallaşmasına təşəbbüs göstərib. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.

Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur. İşğaldan azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasından əlavə ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu da artıracaq. Hava limanlarının sayı doqquza çatıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində lokomotiv rolunu oynayaraq təkcə tranzit ölkə kimi deyil, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub, Orta Dəhliz və tarixi "Zəngəzur'' nəqliyyat dəhlizlərinin əsas təşəbbüskarı kimi çıxış etdi. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi olan Azərbaycan bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz yalnız Şərqlə Qərb arasında körpü olmaqla yanaşı, eyni zamanda Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin-nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilib. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm layihələrin icrası üzrə işlər aparılır. Azərbaycanın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bütün parametrlər baxımından olduqca əlverişli marşrutlardır. Fəal iştirakçısı olduğu nəqliyyat dəhlizləri ölkənin regional haba çevrilməsini, tranzit imkanlarının genişlənməsini, həmçinin gəlirlərinin artmasını təmin edəcək. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir.

Daha bir mühüm layihə uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ki, bu da Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu dəhlizin əhəmiyyətini artıran məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan, dəhlizin fəaliyyətinin gücləndirilməsi qərb ilə şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün böyük önəm daşıyır. İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin "Bir kəmər, bir yol" layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək Yolunun ən mühüm komponentlərindəndir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Mustafa KAMAL,

"Respublika".