Ağdamın məşhur “Çay evi
Region

Ağdamın məşhur “Çay evi"

Ağdam... Hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhər... Sözsüz ki, ermənilərin burada törətdikləri vəhşiliklər dünya mədəniyyəti tarixinə bir ləkə kimi düşəcək. Ancaq Azərbaycan dövləti geniş inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulur. Qısa zaman içərisində yeni bir mədəniyyətin formalaşdığını görəcəyik. Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşayırıq. Üç il bundan əvvəl şahidi olduğumuz erməni barbarlığının ağır izləri yavaş-yavaş silinir. İndi bu xarabalıqların yerində yeni bir Ağdam dirçəlir, burada genişmiqyaslı infrastruktur layihələr icra edilir.

Ağdam şəhəri müasir üslubda bərpa edilsə də, Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onlar olduğu kimi qorunacaq ki, gələcək nəsillər bu tariximizi unutmasın, mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələri bilsin. Eyni zamanda bu xarabalıqlar hər kəsə müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anladacaq. Həmçinin dağıntılar arasında təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən gücləndirilmiş virtual texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal muzeyi, Memorial bağ və Zəfər muzeyi Azərbaycan xalqının Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi tarixi turistlərə göstərə bilsin. İnsanlar o dağıntıların arasından keçərkən sanki həmin zamana səyahət edəcək və gözləri qarşısında o faciələr canlanacaq. Bağın sonuna doğru Zəfər muzeyi, Bayraq meydanı və Zəfər arenası yerləşəcək. Həmin yerlər 30 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla nümayiş olunacaq. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə də quraşdırılacaq. Ağdamda 1750 fərdi ev, 23 min mənzil tikiləcək. Şəhərdə 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulub.

Ağdamın keçmiş simvollarından biri olan məşhur "Çay evi" yenidən inşa olunacaq. "Çay evi" şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində tikiləcək. Qeyd edək ki, bu tikilinin ideyası görkəmli alim Xudu Məmmədov tərəfindən verilib. Ötən əsrin səksəninci illərində Ağdamda həyata keçirilən layihələrin demək olar ki, əksəriyyətinin ideya müəllifi Xudu Məmmədov olub. "Çay evi" layihəsinin baş memarı isə ağdamlı Naiq Səmədovdur. "Çay evi"nin formasının necə olması barədə davamlı müzakirələr aparılıb. Uzun illər Ağdamda birinci katib işləmiş, qurucu və yenilikçi Sadiq Murtuzayev və Xudu Məmmədov "Yaponiya" jurnalındakı Kioto adasında yerləşən Mikado-Yapon İmperatorunun sarayının görüntüsünü əks etdirən şəkildə çay evinə oxşar binanın təsvirini əsas götürürlər. Tikintiyə qərar verilir və "Çay evi" Ağdam Cümə məscidinin yaxınlığında tikilir. Tikintidə ən çətin iş günbəzin sink dəmirlə vurulması olub. Usta Məmməd bu çətin və təhlükəli işin öhdəsindən layiqincə gəlir. Beləcə "Çay evi"nin damı vurulur. 1986-cı il iyulun 26-da "Çay evi"nin açılış mərasimi keçirilir və həmin vaxtdan da Ağdamın rəmzinə çevrilir. Əfsuslar olsun ki, digər bina və abidələrimiz kimi "Çay evi" də Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən yandırılaraq məhv edilib.

Prezident İlham Əliyevin 2021-ci il dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektardır. Bunun 70 faizini yaşıllıqlar, 25 faizini səki və meydançalar, 5 faizini tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin və məşhur Ağdam "Çay evi"nin də inşası aparılacaq. Beləliklə, ağdamlıların və bura gələn qonaqların çox sevdiyi üçmərtəbəli, günbəzli "Çay evi" bu ilin sonunadək istifadəyə veriləcək.

Salman ALIOĞLU,

"Respublika".