ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

İmmun sisteminin çəkisi hesablanıb

İsrail alimləri əhəmiyyətli bir yeniliyə imza atıblar. "İndependet Türkcə" veb saytında yayımlanan xəbərə görə, Veysman İnstitutunun mütəxəssisləri insanın immun sisteminin bütün hüceyrələrini siyahıya alıblar. Nəticədə elm  adamları belə qənaətə gəliblər ki, insanın orta statistik  immun sisteminin çəkisi standart ananasın çəkisi ilə eynidir.

Məlumat üçün qeyd edək ki, immun sistemi özündə çoxlu sayda müxtəlif hüceyrəni birləşdirir və onlar orqanizmdə vacib funksiyaları yerinə yetirir. Məsələn, immun sisteminin ümumi kütləsinin yalnız 15 faizini təşkil edən  limfositlər virusların və digər patogenlərin neytrallaşdırılması üçün nəzərdə tutulmuş anticisimlər ifraz edir. İmmun sisteminə daxil olan mastositlər isə orqanizmin iltihab prosesinə cavabdehdir. Sümük iliyində formalaşan və bakteriyaların udulması ilə məşğul olan neytrofillər  immun hüceyrələrinin 40, immun sisteminin ümumi kütləsinin isə 15 faizinə bərabərdir.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, 20 yaşdan 30 yaşa kimi olan kişinin immun sistemində 1.8 trilyon hüceyrə mövcuddur. Bu isə təqribi olaraq 1.2 kiloqram çəkiyə bərabərdir. 20 yaşdan 30 yaşa qədər olan qadının immun sistemində isə təqribi olaraq 1.5 trilyon hüceyrə var və bu orta hesabla 1 kiloqram ağırlığındadır. 10 yaşlı uşağın immun sistemində isə 1 trilyon hüceyrə olduğu üçün  təqribən 600 qram çəkiyə bərabərdir.

Planetimizin nüvəsi ilə bağlı daha bir iddia

Çin Elmlər Akademiyasının tədqiqatçıları Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qalması ilə bağlı fərziyyənin yeni sübutlarını aşkar ediblər. Əvvəlki araşdırmaların nəticələrinə görə qalıqlar 4.5 milyard il bundan öncə Yer kürəsi ilə toqquşmuş Teya adlı nəzəri planetə aiddir. Güman olunur ki, Teyanın süxurları zaman keçdikcə Yer kürəsi ilə bir-birilərinə qarışmışdır.

Lakin çinli alimlər bunun əslində belə olmadığını iddia edirlər. Belə ki, mütəxəssislər LLVP anomaliyası kimi adlandırılan iki böyük maddələr təbəqəsini analiz ediblər. Nəticədə məlum olub ki, həmin anomaliyalar özlərində çoxlu sayda təsirsiz qazları və Günəş sisteminin ilkin tərkibini təşkil etmiş digər çoxlu maddələri birləşdirirlər. Daha sonra alimlər iki planetin toqquşması nəticələrini hesablayıb və belə qənaətə gəliblər ki, Teya ilə toqquşma öz növbəsində Yer kürəsində seysmik anomaliyaların formalaşması ilə yanaşı, planetimizin mantiyasının iki laylı struktura sahib olmasına səbəb olub. Məhz buna görə Yer kürəsi mantiyasının yuxarı və aşağı süxurlarının kimyəvi tərkibləri bir-birilərindən fərqlənirlər.

"WhatsApp"a yeni funksiya gəlir

Yaxın günlərdə "WhatsApp"a  daha bir faydalı funksiya əlavə ediləcək. Belə ki, yeni cihazda hesaba daxil olmaq üçün telefon nömrəsi əvəzinə e-poçt üzərindən alternativ avtorizasiya metodu sınaqdan keçirilir. Bu isə o deməkdir ki, "WhatsApp Messenger"in beta versiyası ilə artıq məcburi SMS təsdiqi tələb olunmadan  yeni cihazda hesabınıza telefon nömrəsi əvəzinə e-poçt ünvanından istifadə etməklə daxil ola biləcəksiniz.

Yeni smartfondan hesaba daxil olduqda istifadəçinin poçt qutusuna əməliyyatın başa çatdığını təsdiqləmək üçün e-məktubu göndəriləcək. Bunun işləməsi üçün sadəcə funksiyanın tətbiq parametrlərində aktivləşdirilməsi lazımdır. Tərtibatçıların fikrincə, bu həll istifadəçi hesablarını daha etibarlı şəkildə qorumağa imkan verəcək. Bu halda avtorizasiya metodu istənilən vaxt klassik təsdiq funksiyası kimi SMS və ya telefon zənginə dəyişdirilə bilər.

Hazırda "WhatsApp" üçün telefon nömrəsi zəngi yeniliyi sınaq mərhələsindədir və  ictimaiyyətə nə zaman təqdim edilməsi barədə məlumat yoxdur. Onu da qeyd edək ki, daha əvvəl "WhatsApp" tətbiqində eyni anda 2 hesabdan istifadə etməklə bağlı yenilik gəlmişdi. Yəni "WhatsApp" hesabından istifadə edənlər artıq  2 smartfondan istifadə etmək məcburiyyətində qalmırdı. Sadəcə 1 smartfon ilə bütün hesabların arasında keçid etmək mümkün idi.

Venerada oksigen kəşf olundu

Elm adamları Venera ilə bağlı yeni kəşfə imza atıblar. Belə ki, astronomlar qonşu planetin  gündüz tərəfində atom oksigeni kəşf ediblər. Bu barədə "Sözcü" veb saytı məlumat yayıb.

Məlumata görə, atom oksigen əvvəllər Veneranın Günəş işığının olmadığı gecə tərəfində kəşf edilib. İndi isə Günəş tərəfindən işıqlandırılan gündüz atmosferində aşkar edilib. Bu kəşf Günəşdən sonra ikinci olan planetin atmosferindəki proseslər haqqında yeni məlumatlar verib.

Hazırda Veneranın bir çox aspektləri araşdırılmamış qalır və bu, onu davamlı tədqiqat obyektinə çevirir. Bir tərəfdən Venera kütlə və ölçü baxımından Yerə bənzəyir, digər tərəfdən isə çox fərqlidir. Onun atmosferində zəhərli komponentlər, əsasən karbon qazı var ki, bu da səthdə 480 dərəcə yüksək temperatura səbəb olur.  Veneranın tədqiqi alimlərə bu planetin niyə Yerdən bu qədər fərqli olmasının və planetimizə bənzədiyi barədə sirri açmağa kömək edəcək. Xatırladaq ki, alimlərin kəşf etdiyi atom oksigen Yerdəkindən fərqlidir. Nəfəs almaq üçün uyğun olan adi oksigen bir-birinə bağlanmış iki atomdan (O2) ibarətdir. Atom oksigen bir atomdan ibarətdir və digər elementlərlə reaksiya verdiyi üçün bu formada saxlanmır. Alimlərin fikrincə, atom oksigen gündüz tərəfdən gecə tərəfinə keçdikdə digər elementlərlə reaksiyaya girərək yenidən karbon qazına çevrilir. Bu proses Veneranın gecə tərəfinin parlamasına səbəb olur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".