Azərbaycanda sabitliyin, əməkdaşlığın və inkişafın lideri: Prezident İlham Əliyev
Siyasət

Azərbaycanda sabitliyin, əməkdaşlığın və inkişafın lideri: Prezident İlham Əliyev

Bu gün dünya nizamı İkinci Dünya müharibəsindən sonra özünün ən çətin dövrünü yaşayır. Böyük güclər silahlar və müharibələr hesabına öz gəlirlərini artırmaq istəyir, Qərb, Rusiya və digər ölkələr arasında nüfuz uğrunda mübarizə davam edir. Ona görə də dünya gücləri beynəlxalq hüquq normaları gözlənilmədən birtərəfli şəkildə öz maraqlarına uyğun müharibələri dəstəkləyir və sonu görünməyən münaqişə ocaqları yaradır. Müharibələrin bizim qonşu ölkələrdə baş verməsi beynəlxalq siyasətimizin daha doğru şəkildə aparılmasını tələb edir. Bir çox dövlət başçıları yanlışlıqlara yol verərək müharibələrə cəlb olunur və həm öz ölkəsini müəyyən çətinliklər qarşısında qoyur, həm də müharibələrin uzunmüddətli olmasına şərait yaradırlar.

Buna Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrini misal göstərmək olar. Qərb dövlətlərinin ədalətsiz yanaşmaları həmin ölkələrdə dinc sakinlərin həyatını cəhənnəmə döndərmişdir. Şəhərlər və kəndlər dağıdılır, insanlar öz yurdlarından didərgin salınır və beləliklə, dünya nizamında xaos yaşanır. Bu günlərdə yeni bir münaqişə ocağı da yarandı. Dəməşqdəki İran konsulluğuna endirilən zərbədən sonra İranın İsrailə hücumu gözlənilirdi. Təbii ki, bu hücum baş tutdu və Qərbin təzyiqləri qarşısında qalan İran vəziyyəti gərginləşdirməmək üçün hərbi əməliyyatları dayandırdığını bildirdi. Amma İsrail İranın cavabını vermədən hərbi əməliyyatları dayandıracaqmı? ABŞ və birləşmiş Qərb İsrailin yanında olduğunu və bütün vasitələrlə kömək edəcəklərini ifadə etdilər. Lakin İsrailin İrana cavab verəcəyi də gözləniləndir. Bütün bunlarla yanaşı, qonşu dövlətlərdə münaqişələr baş verməsinə baxmayaraq, özünün müstəqil balanslaşdırılmış siyasətini yürüdən Azərbaycan var. Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti 30 il erməni işğalı altında qalmış torpaqların azad olunmasına və bütün ərazilərində suverenliyin bərpasına yol açdı. 44 günlük müharibə başa çatandan sonra Prezident İlham Əliyev Ermənistana sülh əlini uzatdı. Qərbin təzyiqləri altında olan Ermənistan müstəqil siyasətini yürüdə bilmir və regionu beynəlxalq güclərin toqquşduğu hərbi poliqona çevirmək istəyir. Amma Prezident İlham Əliyevin uğurlu beynəlxalq siyasəti ABŞ və Aİ ilə münasibətlərin yüksək səviyyədə inkişaf etməsinə və Azərbaycanın maraqlarına Qərbin hörmətlə yanaşmasını tələb edir. Məhz 5 apreldə Brüsseldə baş tutmuş ABŞ, Aİ və Ermənistan arasında keçirilmiş üçtərəfli görüş ərəfəsində ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etməsi və keçiriləcək görüşün Azərbaycanın maraqlarına qarşı olmadığını bildirməsi ölkəmizə olan böyük hörmətdən irəli gəlmişdir. Təbii ki, 5 aprel görüşündən sonra Ermənistana müəyyən hərbi texnikaların göndərildiyinin də şahidi olduq. Amma bu masştablı xarakter almadı. Prezident İlham Əliyev milli maraqlarımıza uyğun müstəqil siyasət yürüdür. Siyasətimiz dost ölkələrlə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, dost olmayan ölkələrlə də əməkdaşlıq imkanlarını nəzərdən keçirilməsinə xidmət edir. O cümlədən qonşu ölkələrdə səsləndirilən təxribatçı çağırışlara qoşulmuruq və dostluğumuzu hər şeydən üstün tuturuq. Məhz ona görə də 44 gündə torpaqlarımızı inamla azad edə bildik və 23 saatda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin yuvasını dağıda bildik. Bu gün nizamı pozulmuş gərgin dünyada Azərbaycan çox az ölkələrdəndir ki, sabitlik adasına çevrilmişdir. Biz ölkəmizdə sabitlik və inkişafı təmin etdiyimiz kimi, beynəlxalq arenada da etibarlı tərəfdaş kimi qlobal problemlərin həll olunmasına töhfə veririk. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, mütəmadi olaraq mədəniyyətlərarası beynəlxalq humanitar forumlar keçirir, Fransanın neokolonializm siyasətini ifşa edən və müstəmləkəçilikdən əziyyət çəkən xalqları bir araya gətirən Bakı Prosesinə ev sahibliyi edir, qlobal iqlim istiləşmələrinə qarşı dünyanı həmrəyliyə dəvət edən COP29 beynəlxalq konfransına ev sahibliyini edəcəyik və bu sıradan təşəbbüsümüzlə baş tutan çoxlu beynəlxalq tədbirləri qeyd edə bilərik ki, ölkəmiz beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Hətta Prezident İlham Əliyevin təşəbbüsü ilə qonşu dövlətlər arasında münasibətlərin normallaşması proseslərinin baş verdiyini də görürük. Ölkəmizin sabitlik adası olması beynəlxalq güclərin görüş məkanı kimi etibar qazanmasına da yol açmışdır. Belə ki, beynəlxalq səviyyədə ən böyük güclər hesab olunan NATO-nun və Rusiyanın Baş Qərargah rəisləri dəfələrlə Bakıda görüşmüş və müəyyən məsələlər müzakirə olunmuşdur. Bu gün gərginliyin artdığı dünyada yenə də Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox olmasına ehtiyac var. Bu baxımdan, davam edən müharibələrin dayandırılması üçün görüşlərin keçirilməsinə ən münasib ölkə də Azərbaycandır. Bu baxımdan, Rusiya-Ukrayna-Qərb və İsrail-Fələstin-İran müharibələrinin dayandırılması ilə bağlı danışıqların aparılmasının ən münasib yeri də məhz Azərbaycan olduğunu qeyd edə bilərik. Çünki dövlət başçımızın apardığı balanslaşdırılmış beynəlxalq siyasət bir-biri ilə düşmən ölkələrin barışmasına və münasibətlərin normallaşmasına töhfə verir. Məhz Prezident İlham Əliyev siyasətinin uğurudur ki, Azərbaycan bütün beynəlxalq tərəfdaşlara Cənubi Qafqazda ayırıcı xərclərin çəkilməsinə açıq şəkildə etirazını bildirir. Ölkəmizin gələcəyə baxışları sülh və əməkdaşlıq üzərində qurulmuşdur. Bu baxımdan, regionda yeni əməkdaşlıq platformalarının yaranmasını dəstəkləyirik. O cümlədən Ermənistanı da əməkdaşlığa dəvət edirik. Təbii ki, ölkələrin suveren ərazilərinə hörmət prinsipi əsasında bu əməkdaşlıq qurulmalıdır. Bu baxımdan, regionda artan gərginliklər fonunda inkişaf edən sabitlik adası Azərbaycan var. Birmənalı şəkildə qeyd edə bilirik ki, bu sabitliyin, əməkdaşlığın və inkişafın lideri Prezident İlham Əliyevdir.

Azər BADAMOV,

Milli Məclisin deputatı.