Roma Papası Fransisk sentyabr ayında Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək
Dünya xəbərləri

Roma Papası Fransisk sentyabr ayında Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək

Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk sentyabr ayında Cənub-Şərqi Asiyanın 4 ölkəsinə səfər edəcək.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat katibi Matteo Bruni məlumat yayıb.

Matteo Bruni verdiyi açıqlamada bildirib ki, müvafiq dövlət və kilsə rəhbərlərinin dəvəti ilə Papa Fransisk, 2-13 sentyabr tarixlərində İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapura apostol səfəri edəcək.

Bruni Papanın 3-6 sentyabrda Cakartanı, 6-9 sentyabrda Port Moresbi və Vanimonu, 9-11 sentyabrda Dilini və 11-13 sentyabrda Sinqapuru ziyarət edəcəyini bildirib.

Son vaxtlar müxtəlif sağlamlıq problemləri ilə məşğul olan Roma Papası sonuncu səfərini 2023-cü ilin sentyabrında Fransada keçirilən "Aralıq dənizi görüşləri" tədbirində iştirak etmək üçün  Marsel şəhərinə edib.

Papa Fransisk 2023-cü ilin dekabrında Dubayda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirak edəcəyini açıqlansa da, ancaq qripə yoluxduğu üçün Konfransa gedə bilməyib.

Musa BAĞIRLI,

“Respublika”.