Çin ABŞ-ın iki şirkətinə qarşı sanksiya tətbiq etməyə başlayıb
Dünya xəbərləri

Çin ABŞ-ın iki şirkətinə qarşı sanksiya tətbiq etməyə başlayıb

Çin hökuməti Tayvana silah satdığına görə ABŞ-ın “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

"Respublika" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Rəsmi Pekin hesab edir ki, ABŞ-ın sözügedən şirkətləri “Vahid Çin” prinsipini, Çin-ABŞ birgə bəyannamələrini pozaraq, Çinin daxili işlərinə müdaxilə edib, Çinin suverenliyini və ərazi bütövlüyünü pozub. Həmin şirkətlərin Çindəki daşınar və daşınmaz əmlakları, digər vəsaitləri dondurulacaq, rəhbər şəxslərinin Çinə girişinə icazə verilməyəck.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edib. Ada ÇXR-in qurulmasından öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir.

Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir.