Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

“TAXIL SAZİŞİ”nin DAYANDIRILMASI FƏLAKƏTLİ NƏTİCƏLƏRƏ YOL AÇA BİLƏR

“Taxıl sazişi”nin dayandırılmasının nəticələri fəlakətli ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılmasının mümkün nəticələrini analiz edən iqtisadçı və analitiklər qeyd edirlər ki, bu, dünya ölkələri üçün fəlakətli nəticələrə yol aça bilər. Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn vurğulayıb ki, “Taxıl sazişi”indən imtina bütün dünya üçün risk yaradır.

Ekspertin sözlərinə görə, Qara dənizdə Rusiya və Ukrayna taxılına əvəz mövcud deyil. Digər analitiklər hesab edirlər ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayanması dünya bazarında taxılın qiymətlərinin artmasına səbəb ola bilər. Bu da Rusiyaya sanksiyalardan dəyən ziyanı kompensasiya edə bilər.

“CRU” konsaltinq şirkətinin kənd təsərrüfatı və gübrə üzrə analitiki Entoni Rizzo hesab edir ki, əgər Rusiya Ukrayna taxılını bazardan yığışdıra bilsə, o zaman onun böyük fürsəti olacaq.

 

İRAN HÖKUMƏTİ NÜVƏ SAZİŞİNƏ QAYITMAĞIN ŞƏRTLƏRİNİ AÇIQLAYIB

İran hökuməti nüvə sazişinə qayıtmağın şərtlərini açıqlayıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Afrika Respublikasının (CAR) XİN rəhbəri Naledi Pandora ilə görüşü zamanı bəyan edib.

İran XİN başçısı bütün tərəflərin öz öhdəliklərinə sadiq qalacağı təqdirdə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirməyə hazır olduğunu və üzərinə düşən öhdəliklərini tam məsuliyyətlə icra edəcəyini bəyan edib.

Eyni zamanda, nazir İranın BRİKS qrupuna daxil olmasının mümkünlüyünü dilə gətirib.

İran XİN rəhbəri Ukraynadakı müharibədə İran istehsalı olan PUA-ların istifadə edilməsi ilə bağlı iddiaları bir daha təkzib edib.

Bununla yanaşı, Abdullahian və Pandor görüş zamanı  İran və CAR Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 15-ci iclası çərçivəsində ən mühüm beynəlxalq və ikitərəfli mövzuları müzakirə ediblər.

 

ABŞ-dan ÇİN SƏNAYESİNƏ SƏRMAYƏNİ MƏHDUDLAŞDIRAN QƏRAR

ABŞ prezidenti Cozef Bayden Çinin texnoloji sənayesinə sərmayəni məhdudlaşdırmaq üçün fərman imzalayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Açıqlamaya görə, sərəncam ABŞ lideri tərəfindən kəşfiyyat, müşahidə və ya kiberməkanda vasitə kimi məxfi texnologiyalar yaratmaq istəyən dövlətlər tərəfindən ölkənin milli təhlükəsizliyinə yaranan təhdidlərə cavab vermək məqsədilə imzalanıb.

Bununla yanaşı, sənədə əsasən, ABŞ-ın maliyyə naziri Çin yarımkeçiriciləri, mikroelektronika, kvant informasiya texnologiyaları və fərdi süni intellekt sistemlərinə sərmayəni tənzimləyə biləcək.

Qeyd edək ki, bir müddət öncə ABŞ-da Çin mallarının alışının kəskin azaldığı məlum olub. Son beş ayda idxalın 24 faiz azalması iki dövlət arasında münasibətlərin gərginləşməsi ilə izah olunur.

 

ƏYİLMİŞ PİZA QÜLLƏSİ DİKƏLMƏYƏ DAVAM EDİR

Təməli 9 avqust 1173-cü ildə qoyulmuş Piza qülləsi dikəlməkdə davam edir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Mərkəzi Piza Möcüzələr Meydanındakı abidələr kompleksinin nümayəndəsi Matilde Meuççi məlumat verib.

“Hazırda Piza qülləsi əla vəziyyətdədir, o, santimetrlərlə dikəlməyə davam edir, həm yerdən, həm də peyklərdən izlənilir. Bu proses ildə millimetrin onda bir neçə hissəsi ilə davam edir”, - deyə kompleks nümayəndəsi bildirib.

Məlumata görə, 1990-cı ildə qüllə yıxıla biləcəyi qorxusuna görə ilk dəfə turistlər üçün bağlanıb. O vaxtdan bəri təməlin möhkəmləndirilməsi və əks çəkilərin quraşdırılması üzərində iş başlanıb. 2001-ci ildə isə İtaliyanın simvollarından biri yenidən turistlərin üzünə açılıb. Meuççinin sözlərinə görə, stabilləşmə sayəsində mərkəzi oxdan kənarlaşma ümumilikdə 46 santimetr azalıb.

Kompleks nümayəndəsi qeyd edib ki, Pizanın 850 illik yubileyi və turistlərin geri qayıtması qülləni pandemiyadan əvvəlkindən daha da populyar edib.

 

BRİKS-IN VAHİD VALYUTANIN TƏTBİQİ MEXANİZMLƏRI ARTIQ İŞƏ DÜŞÜB

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderləri avqustun 22-dən 24-dək keçiriləcək sammitdə vahid valyutanın tətbiqi perspektivlərini və de-dollarizasiya imkanlarını müzakirə edəcəklər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Bildirilir ki, gündəliyin əsas mövzularından biri təşkilata mümkün yeni üzvlərin qəbulu ilə yanaşı, milli valyutalarla ticarətin genişləndirilməsi və dollardan asılılığın azaldılması olacaq. BRİKS üzvləri 10 ildən artıqdır ki, ABŞ valyutasından asılılığı azaltmağa çalışırlar, lakin hazırda Ukraynada davam edən münaqişə və ABŞ hökumətinin Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatlarını dondurması fonunda bu məsələ əsas müzakirə mövzusuna çevrilib.

Eyni zamanda, qeyd olunur ki, BRİKS ölkələri yeni sistemə gedən yolda çoxlu maneələrlə üzləşirlər. Beynəlxalq ticarət əməliyyatlarının 80 faizdən çoxu ABŞ dolları ilə həyata keçirilir, dollar dünya valyuta ehtiyatlarının 58 faizini təşkil edir. Bundan əlavə, BRİKS ölkələrinin vahid valyutasının tətbiqi assosiasiya ölkələrinin siyasi və iqtisadi dinamikasının xüsusiyyətlərini nəzərə alacaq etibarlı tənzimləmə sisteminin yaradılması zərurəti ilə çətinləşir. Tam de-dollarizasiya yaxın gələcəkdə baş verməsə də, buna nail olmaq üçün mexanizmlər artıq işə düşüb.

 

ÜST-dən KORONAVİRUSUN YENİ NÖVÜNÜN YAYILMASI BARƏDƏ XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun omikron ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını açıqlayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə qurumun hesabatında məlumat verilib.

Təşkilatın açıqlamasında qeyd edilir ki, EG.5 variantı XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.

“Qlobal miqyasda qeydə alınan yoluxma hallarının nisbətində davamlı artım müşahidə olunur. 29-cu epidemioloji həftədə (2023-cü il iyulun 17-dən 23-dək) EG.5-in qlobal miqyasda yayılması 17,4 faiz təşkil edib”, - deyə hesabatda məlumat verilib.

Məlumata əsasən, Rusiyada koronavirusun yeni variantına artıq 17 yoluxma halı aşkar edilib. Bildirilir ki, koronavirusun yeni variantı özündən əvvəlki növlərdən daha sürətli yayılır.

 

İRANDA QƏTLƏ YETİRİLƏN 372 ETİRAZÇININ ŞƏXSİYYƏTİ MÜƏYYƏN EDİLİB

İranda keçirilən etirazlar zamanı rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən 372 aksiya iştirakçısının şəxsiyyəti müəyyən edilib. Bu barədə “Radio Farda” məlumat yayıb.

Bildirilib ki, onların 58-i 18 yaşadək olan uşaq və yeniyetmə, 33 isə qadınlardır. Açıqlamaya görə, İranın 31 əyalətindən 25-də rejim qüvvələrin öldürdüyü etirazçıların kimliyi müəyyən edilib.

Verilən xəbərə əsasən, ən çox qətlə yetirilənlər üzrə Sistan və Bəlucistan əyaləti birinci yerdədir. Bu bölgədə rejimin hərbi polis qüvvələrinin qətlə yetirdiyi 108 nəfərin kimliyi müəyyən edilib. Sonrakı yerdə Qərbi Azərbaycan (47 nəfər), Tehran (44 nəfər) və s. gəlir.

Xatırladılır ki, rejim qüvvələri ən qanlı hadisələri sentyabrın 29-30-u, noyabrın 4-5-i və 24-26-da törədib. Hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən, aksiya zamanı öldürülən etirazçıların sayı 500-dən çox olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.