Ağrılı-acılı günlər sona çatır
Sosial həyat

Ağrılı-acılı günlər sona çatır

Bu ildən Kəlbəcərə köç karvanları üz tutacaq

Füsunkar təbiətə, zəngin mədəni irsə malik olan Kəlbəcər rayonu 3 ildən artıq müddətdir ki, öz azadlığına qovuşub. 1993-cü il aprel ayının 2-də erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Kəlbəcərin 27 il sonra geri qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi liderliyi və Azərbaycan Ordusunun göstərdiyi şücaətin təcəssümüdür.

2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ermənistan ordusuna qarşı apardığı uğurlu hərbi əməliyyat nəticəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin hər gününü tarixə çevirən igid Azərbaycan oğulları noyabrın 8-də Şuşanı azad etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçib. Razılaşmaya görə, düşmən qüvvələr Kəlbəcəri noyabr ayının 15-dək tərk etməli olduqları halda, Rusiya vasitəsilə dövlətimizdən əlavə 10 gün vaxt istədilər. Humanizm prinsiplərini əsas götürən rəsmi Bakı qarşı tərəfin istəyini qəbul edib və 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu boşaldılıb. Bununla da Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməni də həyata keçirdi.

Həmin gün xalqa müraciət edən dövlət başçısı öz çıxışında dedi: "Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur... Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!". Beləliklə, dövlət başçımız döyüş meydanında qazanılmış qələbəni diplomatik masada davam etdirərək, daha bir rayonumuzu bir güllə atılmadan, itki vermədən ölkəmizin nəzarətinə qaytarmağı bacardı. Bütün azərbaycanlıları, ələlxüsus da kəlbəcərliləri qürurlandıran tarixi anlardan biri 2021-ci ilin 17 avqustuna təsadüf edib. Müzəffər Ali Baş Komandan həmin tarixdə Kəlbəcərdə dövlət bayrağını ucaldıb.

Kəlbəcər rayonu siyasi yolla azad edilsə də, Ermənistan tərəfini buna məcbur edən rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi igidlik əsas olub. Bu səbəbdən ölkə başçısının Sərəncamı ilə bu yolda igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Dövlət başçımızın imzaladığı başqa bir Sərəncamla hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

"Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır". Ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlər artıq reallığa qovuşur. Respublikanın 56 rayonunun mindən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşan rayon sakinləri böyük səbirsizliklə doğma yurda qayıdacaqları günü gözləyirlər. Qarabağın qala qapısı olan Kəlbəcər işğaldan azad edilmiş digər rayonlarımız kimi, sakinlərinə qucaq açmağa hazırlaşır. 2024-cü ildə Kəlbəcər şəhərinə ilk olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrinə isə 8 minə yaxın, ümumilikdə 13 minə qədər keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulub. Tədbirlər Planına əsasən yerli sakinlərin geri qayıdışının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3500 ev - 2000 fərdi yaşayış evi və 1500 mənzil tikilərək istismara veriləcək. 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin tikintisi baş tutacaq. 2026-cı ilə qədər 1 şəhər, 1 qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin layihələndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumiyyətlə, bu il 7 yaşayış məntəqəsinin tikintisinə başlanılması planlaşdırılıb. Bununla yanaşı, Zallar kədində yaşayış məntəqəsinin əsası qoyulub, eyni zamanda 4 yaşayış məntəqəsinin bərpasında işlər uğurla davam etdirilir. İstisu qəsəbəsi, Qamışlı kəndi, Qılınclı, Otaqlı və Çıraq kəndlərində də işlər davam etdiriləcək. Kəlbəcər şəhərində küçə, yol şəbəkəsinin qurulması üçün 27,1 kilometrdən artıq yol layihələndiriləcək.

Ötən dövr ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Kəlbəcər rayonuna səfər edib, burada gedən tikinti işləri ilə maraqlanıb. Dövlət başçısı 26 iyun 2022-ci ildə Kəlbəcərə səfəri zamanı rayonda yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının (KSES), hərbi hissənin açılış mərasimində iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. 25-26 avqust 2023-cü ildə yenidən Kəlbəcərdə olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 5,3 MVA gücündə olan "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasında, "İstisu" mineral sudoldurma zavodunda və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Bundan başqa, dövlətimizin başçısı "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib, həmçinin Zar kəndinin təməlini qoyub. Ali Baş Komandanın 7 noyabr 2023-cü ildə rayona son səfəri daha yaddaqalan oldu.

Kəlbəcərliləri narahat edən digər bir məsələ də öz həllini tapmaq üzrədir. Bu da yerli sakinlərin yol problemi idi. Əvvəllər rayonun bir yolu olub, bu da Murov yolu adlanır. Həmin yolun relyefi sərt olduğundan yerli əhalinin istifadəsi üçün olduqca çətindir. Bu məsələ də dövlətimizin diqqətindən kənarda qalmayıb. Belə ki, Prezidentin göstərişi ilə 80.7 kilometr uzunluğunda yeni yol salınır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı inşa edilir. Yol infrastrukturu başa çatdıqdan sonra Kəlbəcərdə məskunlaşma başlayacaq. Beləliklə də yaxın zaman kəsiyində köç karvanları Kəlbəcərə üz tutacaq.

Musa BAĞIRLI,

"Respublika".