Ümid dolu gələcəyə
Sosial həyat

Ümid dolu gələcəyə

Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə amansız hücumu zamanı yaşanan faciəli hadisələr bu gün də xatırlanır. Gecənin qaranlığında şəhərin dinc sakinləri ardıcıl olaraq artilleriya atəşinə tutulub. İnsanlar ümidsiz şəkildə qaçmağa başlayıblar. Küçələrdə atəş səslərindən təşvişə düşənlər daha qorxulu mənzərəyə şahid olublar. Ailələrin dağıldığı, yaxınların itirildiyi və arzuların bir anın içində yox olduğu o gün yüzlərlə günahsız insanın həyatına son qoyulub.

Bu faciənin 32-ci ildönümü artıq fərqli şəkildə anılır. Çünki bu gün torpaqlarımız işğaldan azaddır. Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qisası alınıb. 44 günlük Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi ilə yekunlaşıb. 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərərək, ağır relyef şəraitinə, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq 23 saatdan az müddət ərzində separatçıları torpaqlarımızdan qovub. Bu gün Qarabağda bərpa və quruculuq işləri sürətlə davam edir.

Xocalı sakini Rahilə Qafarova ədalətsizliyə qarşı çıxmağın və Xocalıda həlak olanların xatirəsini ehtiramla yad etməyin vacibliyindən danışır. Sağ qalan şəxs kimi o, dünyanın həmin gecədə törədilmiş vəhşilikləri heç vaxt unutmamalı olduğunu deyir. "Bu dəhşətli soyqırımda yoldaşım Rzanın anası, bacısı, qardaşı bir gecədə şəhid olub. Onun qardaşı polis işçisi idi. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub. Mən özüm də Xocalıdanam, orada doğulub böyümüşəm, məktəbə getmişəm. Xocalıda yaşadığım 32 ilin hər günü mənim üçün gözəldir. Məktəb, gənclik illəri, mənim üçün xoş xatirədir. Ətrafımızda erməni kəndlərinin olmasına baxmayaraq, Xocalıda Novruz bayramını gözəl keçirir, böyük tonqallar yandırırdıq. Səhərə qədər çal-çağır olurdu. 1983-cü ildə Rza ilə toyumuz olub, daha sonra oğlum dünyaya gəlib. 32 yaşımda 1992-ci ildə həmin gecə Xocalıdan çıxmışıq. 32 ildən sonra Qarabağın, o cümlədən Xocalının işğaldan azad olunması bizi göylərə qaldırıb. Sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, Prezidentimizə uzun ömür versin. "Dəmir yumruq" əməliyyatı və daha sonra antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsindən çox qürurlanmışıq. Xocalının geri alınması başımızın ucalığıdır. Ali Baş Komandan İlham Əliyev bizə bu sevinci yaşadıb. Hələ ki, həyat yoldaşım Rzanın səhhəti ilə əlaqədər azad olunmuş torpaqlara gedə bilməmişik. Lakin bərpa-quruculuq işlərindən sonra doğma torpağa qayıtmağı səbirsizliklə gözləyirik. Xocalının yenidən qurulmasını görmək qürurvericidir. Ordan bir ailə gəlmişik ancaq indi oğullarım evlənib, inşallah 3 ailə qayıdacağıq. Bu günə qədər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məskunlaşmışıq. Şəhid ailəsi kimi evlə təmin edilmişik. Yaradılan şəraitə görə dövlət başçısına minnətdarıq. Hər zaman dövlətdən qayğı görmüşük. Xocalıya qayıdışı böyük səbirsizliklə gözləyirik. Heç inanmazdım ki, böyük zillətlə çıxdığım yerə belə həvəslə qayıdaram. Ancaq bu gün o qədər gözəl işlər görülüb ki, işğalın izləri silinib. Ona görə də alnıaçıq qayıda bilərik".

Düşmən Xocalı soyqırımını törətm

əklə Azərbaycan xalqını sarsıtmağa, bizi haqlı mübarizəmizdən çəkindirməyə çalışıb. Ancaq xalqımız bu faciə ilə daha həmrəy və sarsılmaz olub. Xocalı soyqırımını dərsliklərdə oxuyan, müəllimlərindən dinləyən qəhrəman oğul və qızlarımız milli dövlətçiliyimiz naminə mübarizəyə həvəslənib. Bunun nəticəsidir ki, bu gün Qarabağ azaddır. Faciənin 32-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin dediyi sözlər xatırlanır: "Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

Bu gün Xocalıda bir ümid çırağı parlayır, çünki şəhər artıq işğaldan azaddır, düşmən tapdağı altında deyil. O yerlərə yeni nəfəs gəlir. Yeni evlər, məktəblər və infrastruktur layihələri reallaşdıqca, saysız-hesabsız çətinliklərə sinə gərmiş soydaşlarımız üçün yeni başlanğıc yaxınlaşır. Şəhidlərimizin ruhu sakitlik tapır. Xocalı sakinləri qətiyyətlə ümid dolu gələcəyə addımlayır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".