“YAŞIL İQTİSADİYYAT” VƏ DAVAMLI İNKİŞAF”
Region

“YAŞIL İQTİSADİYYAT” VƏ DAVAMLI İNKİŞAF”

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat” və davamlı inkişaf” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə universitetin rektorunun müşaviri, professor Mikayıl Məhərrəmov konfransın çox vacib, qlobal problemə həsr olunduğunu, təhsil ocağında kadr hazırlığı prosesində bu amilə xüsusi diqqət yetirildiyini bildirib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının vacib komponenti olaraq “yaşıl iqtisadiyyat”ın qurulması istiqamətində uğurlu siyasətin həyata keçirildiyini diqqətə çatdırıb.

Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyevanın “Davamlı inkişaf və yaşıl iqtisadi modelə keçid” mövzusunda məruzəsi dinlənilib.

Konfransda Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, dosent Aytəkin Əfəndiyeva “Yaşıl iqtisadiyyat”a sinergetik yanaşma” mövzusunda məruzə edib. Qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən 5 milli prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır.

Universitetin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müəllimlərindən Fərid Xankişiyev və Ülvi Quliyev ölkənin iqtisadi inkişafının sürətləndirilməsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinin rolundan və əhəmiyyətindən danışıblar.

“Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişaf imkanları” adlı plenar iclasda Lənkəran Dövlət Universiteti ilə yanaşı, ölkəmizin digər ali təhsil ocaqlarının alimləri, gənc tədqiqatçılar tezislərlə çıxış edərək “Yaşıl iqtisadiyyat”ın inkişafı ilə əlaqədar fikir və mülahizələrini söyləyiblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.