Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib
Sosial həyat

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.

"Respublika" xəbər verir ki, Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbir ulu öndərin, Zərifə xanım Əliyevanın və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyev çıxışında Zərifə Əliyevanın Azərbaycan qadınının parlaq siması olduğunu vurğulayıb. Respublikamızda səhiyyənin inkişafında və bir çox göz xəstəliklərinin müalicəsinin Zərifə Əliyevanın böyük əzmi və fəaliyyəti ilə həyata keçirildiyini qeyd edib. 

Diqqətə çatdırılıb ki, Zərifə Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun taleyinə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı və xalqımızı qələbəyə aparan, işğal altında olan torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.

Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Zərifə Əliyevanın adı Azərbaycan gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edən və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərən şəxsiyyət kimi yaddaşlara həkk olunub.

Milli Məclisin deputatı İlham Məmmədov isə Zərifə Əliyevanın xalqımız tərəfindən humanist və ictimai xadim kimi xatırlandığını vurğulayaraq bildirib ki, onun elmi araşdırmalarından bütün dünyada istifadə olunub.