Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub
İqtisadiyyat

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib.

“Respublika”nın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 faiz azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın balıq ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 612 min ABŞ dolları dəyərində balıq satıb ki, bu da bir il əvvəlki göstəricidən 52 faiz azdır. O cümlədən, Ermənistana 182 min ABŞ dolları və Ukraynaya 93 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,9 milyon ABŞ dolları dəyərində balıq ixrac edib ki, bunun da 1,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.