Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək
Siyasət

Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək

NATO-nun baş katibi ilə Ermənistanın baş nazirinin Yerevanda keçirilən görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər.

Verilən məlumata görə, görüşdə onların Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəkləri gözlənilir. Bu görüş Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf edə bilər. Belə ki, Ermənistan tərəfi məntiqi addım olaraq əvvəldən iştirakını dondurduqları KTMT təşkilatından çıxma prosesinə, daha sonra Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlanacaq ki, bu da müttəfiq qoşunlarının Ermənistan ərazisindən yekun çıxarılmasına səbəb olacaq. İrəvandan çıxarılmış Rusiya sərhəd qoşunlarını və hərbi qulluqçularını Avropa Monitorinq Missiyasının (EUMA) bir hissəsi kimi göndərilən ABŞ hərbçiləri əvəz edəcək. Bu, şübhəsiz ki, mümkün olan ən pis ehtimaldır, lakin görünən odur ki, Rusiya proqressiv şəkildə postsovet məkanından uzaqlaşdırılır və bu proses Qafqazdan sonra Mərkəzi Asiyada davam edəcək. Mövcud təhlükəli vəziyyətdə Rusiya hakimiyyəti hələ də münaqişəyə girmədən gözləmə mövqeyini saxlayır, lakin Paşinyanın Qərb dövlətləri ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar günü-gündən böyüyür. Maraqlıdır ki, indi Paşinyanın qorxduğu yeganə arqument Rusiyanın təsiri deyil, hərbi nöqteyi-nəzərdən inkişaf etmiş qonşu Azərbaycandır.

Qərb Cənubi Qafqaz regionunda maraqlarını təmin etmək üçün müxtəlif yollara baş vurur. Qərb dövlətləri əsas məqsədinə çatmaq üçün vasitə kimi Ermənistandan istifadə edir. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhlizi – Cənubi Qafqazda və Mərkəzi Asiyada da bu xətti seçib. Bu, Qərbin Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salması deməkdir. Rusiya bu plana  cavab verməlidir və belə görünür ki, cavab özünü çox gözlətməyəcək. Ermənistan bu ssenaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur. İran da nəhayət görür ki, Ermənistanla sərhədlərində onun təhlükəsizliyinə ciddi təhdid yaranmaqdadır. Bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar və onların qarşıdan gələn dövrdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.

Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Qərbin Azərbaycana qarşı sərgilədiyi mövqeni gözlənilən hesab eləmək olar. Çünki onlar rəsmi Bakının müstəqil siyasət yürütməsi, kiminsə diqtəsini icra etməməsi ilə barışa bilmirlər. ABŞ, Qərb güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir, bunu həzm etmək istəmir. Onlara müti Ermənistan kimi ölkələr lazımdır. Bu Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda  regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.

“Respublika".