Güclü Azərbaycan Orta Dəhlizin mərkəzində
SİYASƏT

Güclü Azərbaycan Orta Dəhlizin mərkəzində

Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir

Yeni dünya düzənində Azərbaycan təkcə tranzit ölkə deyil, nəqliyyat dəhlizlərinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını təmin edən mühüm qlobal aktordur. Azərbaycan Prezidenti İlham Əliyev ötən il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda keçirilən panel iclasında iştirak edib. Dövlətimizin başçısı iclasda çıxışı zamanı bildirmişdir ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.

Dövlət başçısı bildirib: "Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur".

Qədim İpək Yolunun yenidən dirçəldilməsi qlobal və regional güclərin tarix boyu maraq dairəsində olmuşdur. Müasir dünyada iqtisadi əlaqələr sisteminin vacib elementi hesab edilən beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu bir çox dövlətin siyasi gündəmində mühüm yer tutur. Son 30 ildə planetin hegemon gücləri Uzaq Şərqdən başlayaraq Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq və Anadolu torpaqlarını keçməklə Avropaya qədər uzanan çoxşaxəli tranzit şəbəkənin qurulması istiqamətində dəyəri milyard dollarla ölçülən və onlarla ölkəni əhatə edən kommunikasiya və inteqrasiya lahiyələri təqdim ediblər. Qitələrarası çoxtəyinatlı tranzit qovşaqların və regional logistik mərkəzlərin inkişaf etdirilməsində daha çox Avropa İttifaqı və Çin kimi siyasi aktorlar iri büdcəli dövlət proqramlarının icrasını həyata keçirib. Dünya Bankının proqnozlarına görə, əgər uyğun logistika və nəqliyyat şərtləri təmin olunarsa, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30 faiz artacaq. Amma bunun üçün tələblərə cavab verən nəqliyyat dəhlizinin olması vacibdir. Çin və Avropa dünyanın ayrı-ayrı qüvvələrində yerləşir, aralarında təxminən 9 min kilometr məsafə var. Ona görə də hazırda bu iki ölkənin arasında malların daşınması üçün yeni marşrutun seçilməsi bütün dünyanın diqqət mərkəzindədir. Orta Dəhliz adlandırılan marşrut bu layihəyə əsas namizəddir.

Bu il yanvarın son günlərində Brüsseldə keçirilən "Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu" çərçivəsində açıqlanan məlumatdan aydın olur ki, Avropa İttifaqı Çindən Avropaya yükdaşımalar üçün Mərkəzi Asiya, Xəzər dənizi Azərbaycan və Gürcüstandan keçən Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avro vəsait ayırır. Bu addım Orta Dəhliz adlandırılan layihənin perspektivlərinə dair gözləntiləri daha da artırır. Orta dəhlizin əhəmiyyəti və perspektivləri ötən il noyabr ayında Dünya Bankının ABŞ-da nəşr olunan hesabatında da geniş şərh edilib.

Məlumat üçün qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır.

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm şəkildə konteynerlərin daşınması həyata keçirilir. Regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsi olan Orta Dəhliz iqtisadi baxımdan səmərəli olduğu kimi, onun siyasi əhəmiyyəti də az deyil. Belə ki, Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda bu Qələbə Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir. Bu günlərdə Bakıda "Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.

Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından ölkəmizə marağın artmasından xəbər verir. Regionun nəqliyyat habına çevrilən Azərbaycan burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi onun beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir. Hazırda Horadiz-Ağbənd yolunun 38, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun isə 74 faizi tikilib və bu yolların 2025-ci ildə istismara verilməsi gözlənilir. Bu da Orta Dəhliz ideyasının tezliklə reallığa çevriləcəyini söyləməyə əsas verir. Onun siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin və digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar.

Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropa arasında tamdəyərli ticarət və investisiya əlaqələri üçün yeni imkanlar açır. Ölkəmiz beynəlxalq tərəfdaşlarımızla bu dəhlizin inkişafına xüsusi diqqət ayırır. Hazırda Qazaxıstanla Azərbaycan arasında iki mühüm sahədə sıx əməkdaşlıq var. Bunlardan birincisi Asiyadan Avropaya və əksinə yükdaşımalardır. Çindən Qazaxıstan vasitəsilə yüklərin Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Avropa marşrutu ilə daşınmasını nəzərdə tutan marşrut Orta Dəhliz layihəsinin ən mühüm komponentidir. Ukraynadakı müharibə, həmçinin Qırmızı dənizdə yaranan gərginlik bu dəhlizin əhəmiyyətini qat-qat artırır, onunla hərəkətin ən səmərəli hala gətirilməsi zərurətini aktuallaşdırıb. Bu prosesdə iki əsas açar ölkə olaraq Qazaxıstanla Azərbaycanın fəaliyyətlərini sıx koordinasiya etməsi mühüm amil hesab olunur. Prezident Kasım-Jomart Tokayevin hələ 24 avqust 2022-ci ildə Azərbaycana səfəri zamanı görüşlər çərçivəsində mümkün alternativlərdən biri kimi Bakı limanları vasitəsilə yükdaşımaların həyata keçirilməsinin mümkünlüyü müzakirə olunmuşdu.

Beləliklə, Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılması üçün güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da yükdaşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Digər bir üstünlüyü onun Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri birləşdirmək imkanıdır. Yəni bu dəhliz, yük daşınma trayektoriyası (yolu) kimi cəlbedici olmaqla yanaşı, həm də Türk dünyasının birliyi baxımından da strateji əhəmiyyət kəsb edir.

Mustafa KAMAL,

"Respublika".