İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İki boksçumuz lisenziya turnirində mərhələ adlayıb

İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan boksçusu Ümid Rüstəmov ikinci qələbəsini qazanıb.

57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Keniya idmançısını məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək. Digər boksçumuz Sərxan Əliyev (71 kq) də uğurla çıxış edib. O, onaltıdabir finalda Litva təmsilçisini məğlub edib. 

İdman gimnastikası üzrə Dünya Kuboku davam edir

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku davam edir.

Yarışın ikinci günündə kişi idman gimnastikasının nümayəndələri dəstəli at, dayaqlı tullanma, paralel qollar və turnikdə, qadınlar isə dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlərdə çıxış ediblər.  "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayır. Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.

Növbəti oyunlar keçirilib

Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Günün ilk matçı "Neftçi" və "Cəlilabad" komandaları arasında baş tutub. Görüş "Neftçi" klubunun 82:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə komanda yarımfinala adlayıb. Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan"la qarşılaşıb. Matçı 75:64 hesabı ilə qalib tamamlayan "Xəzri" kubokun yarımfinalına vəsiqəni təmin edib. Qeyd edək ki, A qrupunu qalibiyyətlə başa vurmaq uğrunda "Xəzri" və "Neftçi" komandaları arasında oyun baş tutacaq.

Gimnastımız qızıl medal qazanıb

Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə XI Vavel beynəlxalq turnirində idmaçımız birinci olub.

Gimnastı Fərhad Vəliyev ikili mini batut üzrə yarışda uğurla çıxış edib. O, bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".