İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmat üzrə Avropa çempionatı davam edir

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıb. Yekunda yığma 3-1 hesablı qələbəni aktivinə yazdırıb. Qadın şahmatçılardan ibarət kollektiv isə Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb. V turdan sonra kişilərdən ibarət milli komanda 6 xalla 9-cu yerdədir. 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir.

Boksçumuz növbəti mərhələdə

Azərbaycan boksçusu Marjona Savriyeva Monteneqronun Budva şəhərində keçirilən U-22 Avropa çempionatında yarımfinala yüksəlib. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. O, ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, Azərbaycan boksçusu finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək.

Qubada idman festivalı

Quba Olimpiya İdman Kompleksində "İdman festivalı - 2023" idman festivalı keçirilir.  Yarışlar 5 gün davam edəcək. Festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş), eləcə də 18 məşqçi qatılacaq. GİN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Keniyadan da idmançılar qatılacaqlar. Noyabrın 16, 17 və 18-də idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar. Qeyd edək ki, bu, sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilib.

Gimnastımız Ümumdünya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan gimnastı Mixail Malkin 2025-ci ildə Çinin Çendu şəhərində təşkil ediləcək 12-ci Ümumdünya Oyunlarına vəsiqə qazanıb. O, Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal əldə edib. Mixail Malkin Azərbaycanın gimnastika tarixinə ilk dəfə tamblinq üzrə qızıl medal qazanan idmançı kimi düşüb.

Nərgiz İSMAYILOVA,

"Respublika".