Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"TRT World": AŞPA-nın Azərbaycana qarşı qərarına yenidən baxılmalıdır

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Numan Kurtulmuş fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. O, bu seçkiləri TBMM üzvlərinin də müşahidəçi qismində izlədiklərini və seçkilərdə seçici fəallığının yüksək olduğunu xüsusi qeyd edib.

Söhbət zamanı TBMM sədri AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsindən təəssüfünü bildirib və bu qərarın qəbuledilməz olduğunu qeyd edib. O, bu qərarın AŞPA-nın öz mahiyyətinə də zidd, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin isə qurumun xeyrinə olduğunu söyləyib. TBMM sədri bu qərarı müəyyən lobbi qruplarının işinin nəticəsi kimi qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Avropada son vaxtlar islamofob, türkofob və azərbaycanofob qüvvələrin fəallaşdığını bildirərək, bunun onların Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olmalarından irəli gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, başda Fransa olmaqla bəzi ölkələr Azərbaycan əleyhinə fəaliyyət göstərərək erməni lobbisinin maraqlarına xidmət edir.

"Vestnik Kavkaza":"Qarabağ"dan tarixi nəticə - Azərbaycan çempionu 1/8 finalda

UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın "Qarabağ" klubu cavab oyununa çıxıb.

"Vestnik Kavkaza" xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın "Braqa" klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matça son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Portuqaliyada keçirilən ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb.

"Daily Sabah": Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili dünyanı Xocalı soyqırımı ilə bağlı ədalətli olmağa çağırır

"Daily sabah" xəbər saytı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyevanın Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatını oxucuların diqqətinə çatdırıb. Bəyanatda deyilir: "Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür.

Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilmiş, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilmiş, şəhər yerlə-yeksan olunmuşdur...".

"Eurasianet": Azərbaycan və ABŞ Avropaya qaz tranziti ilə bağlı əməkdaşlıq edəcək

"Eurasianet" xəbər saytı iki ölkənin Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləmək üçün razılığa gəlmələri barədə məlumat yayımlayıb.

Energetika naziri Pərviz Şahbazovun Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ Ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü olub.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb. Bildirilib ki, üç il ərzində Cənub Qaz Dəhlizi Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir. Həmçinin Azərbaycanın zəngin bərpaolunan enerji potensialının ölkənin "yaşıl enerji" keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəltdiyi qeyd olunub. Bu xüsusda, "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "yaşıl enerji"nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz "yaşıl enerji", iqlim gündəliyi və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.

"Caspian News": Azərbaycan üzərindən Qazaxıstan və Türkmənistan neftinin Avropaya ixracı artıb

"Caspian News" xəbər verir ki, Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan ərazisindən keçməklə Avropa bazarlarına çıxarılmasında artım müşahidə olunur. Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə sözügedən neftin nəqli ümumi daşımaların 17,3 faizini təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, yanvar ayı ərzində BTC boru kəməri ilə Türkmənistan və Qazaxıstandan 430 min tondan çox neft nəql edilib.

"Respublika".