DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO RUSİYA İLƏ ESKALASİYANIN ƏLEYHİNƏDİR

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki qərargahında keçirdiyi brifinqdə Rusiya ilə müharibənin qarşısını almağa çalışdıqlarını bildirib. “Report” agentliyinin verdiyi xəbərə görə, baş katib NATO-nun bunun üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.

Yens Stoltenberqin sözlərinə görə, NATO-nun Rusiya ilə sərhədlər yaxınlığında mövcudluğunu gücləndirməsi ehtimal olunan hərbi münaqişənin qarşısını almaq üçündür.

Eyni zamanda, baş katib vurğulayıb ki, təxminən iki il əvvəl Ukraynada müharibənin başlamasından sonra NATO-nun iki vəzifəsi olub: “Bunlardan birincisi, Ukraynanı dəstəkləmək, digəri isə Rusiya ilə NATO arasında genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır”.

Xatırladaq ki, bir müddət öncə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi.

Məlumat üçün qeyd edək ki, hazırda NATO soyuq müharibə dövründən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.

MİT RƏHBƏRİ İRAQDA DƏHLİZ MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın İraqa səfər edib. “Teleqraf.com”un xəbərinə görə, MİT rəhbəri səfəri zamanı İraq prezidenti Əbdüllətif Camal Rəşid, baş nazir Məhəmməd Şiə əs-Sudani, şiə və sünni icmalarının nümayəndələri və türkmənlərin liderləri ilə görüşüb.

Məlumata görə, görüşdə terrorla mübarizə, PKK təhlükəsi və bu terror təşkilatı ilə mübarizədə atılacaq birgə addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, İŞİD-lə mübarizədə əməkdaşlığın davam etdirilməsi, “İnkişaf Yolu” layihəsi, Qəzza zolağındakı döyüşlər və bunun bölgə ölkələrinə yayılması ehtimalı müzakirə edilib.

Qeyd edək ki, “İnkişaf Yolu” Türkiyə, Yaxın Şərq, Avropa və digər bölgələri əhatə edən dəhliz layihəsidir. Şərqlə Qərb arasında əlaqələrin daha da qısaldılmasını nəzərdə tutur. Həmçinin Zəngəzur dəhlizi də layihəyə daxildir.

Aİ-NİN XİN BAŞÇILARI HƏRBİ MİSSİYA YARATMAQ RAZILIĞINA GƏLİBLƏR

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq barədə razılığa gəliblər. “Report” agentliyinin xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell mətbuat konfransında bəyan edib.

“Biz Qırmızı dənizdə Avropa missiyasının yaradılması ilə bağlı razılığa gəldik və bu missiyanın hansı imkanlarına malik olduğunu müzakirə etdik”, - deyə J.Borrell bildirib.

Bu ərəfədə “Politico” nəşri məlumat yayıb ki, Aİ naviqasiya təhlükəsizliyini təmin etmək üçün dəniz missiyası çərçivəsində Qırmızı dənizə üç esmines və ya güclü hava hücumundan müdafiə sistemləri olan freqat göndərmək niyyətindədir.

Missiyanın ticarət gəmilərini husilərin artan hücumlarından qoruyan digər ölkələrin qüvvələri ilə birlikdə çalışacağı gözlənilir.

“TALİBAN” ÖLKƏNİ QADINLAR ÜÇÜN CƏHƏNNƏMƏ ÇEVİRİR

Əfqanıstanın “Taliban” hökuməti subay və ya qəyyumsuz qadınların iş, səyahət və səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdırır. “Teleqraf.com” xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunur.

BMT-nin açıqlamasına əsasən, “Taliban” rejimi qadınlar üzərində təzyiqlərini sərtləşdirib. Ölkədə rəsmi kişi qəyyumluğu ilə bağlı qanunlar yoxdur, lakin “Taliban” bəyan edib ki, qadınlar qan və ya nikah qohumu olduğu kişi olmadan harasa gedə bilməzlər.

Bununla yanaşı, BMT qeyd edir ki, Əfqanıstanda subay qadınlar işlərini itirə bilərlər. “Taliban”ın qaydalarına görə, işləmək istəyən qadınlar evlənməlidir. Subay qadınlara işlədikləri yerlərdə evlənmək məsləhəti də verilir.

Xəbər verilir ki, dekabrda Paktiya əyalətində hicabsız qadınların tibb müəssisələrinə getmələri qadağan edilib. Ötən ilin oktyabrında 3 qadın tibb işçisi həyat yoldaşları olmadan işə getdikləri üçün saxlanılıb.

Eyni zamanda, ölkədə hicab yoxlamaları da sərtləşdirilib. Əfqanıstanda hətta zorakılıq və şiddətə məruz qalan qadınların həbs edilmələri barədə iddialar da mövcuddur.

İRANDAN ABŞ-A YƏMƏNLƏ BAĞLI XƏBƏRDARLIQ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Böyük Britaniya ilə birlikdə Yəməndəki husilərə qarşı yeni hücumlar həyata keçirən ABŞ xəbərdarlıq mesajı göndərdiklərini bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı iclasında iştirak etmək üçün Nyu-Yorka gedən Abdullahian bölgədəki hadisələrlə bağlı açıqlama verib.

“ABŞ və Böyük Britaniyaya regionda sülh və təhlükəsizliyi təhdid edən hücumlarının müharibənin miqyasını genişləndirəcəyinə dair mesajlar və ciddi xəbərdarlıqlar göndərdik”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniya qüvvələrinin paytaxt Sənaya hava hücumu təşkil etdiyini açıqlayıb.

LAVROV: BAYDEN ADMİNİSTRASİYASI SİYASİ DİALOQDA MARAQLI DEYİL

ABŞ prezidenti Cozef Baydenin hazırkı administrasiyası Rusiya ilə siyasi dialoqda maraqlı deyil. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Nazirin sözlərinə görə, istisnalar yalnız mübadilə mövzusu, səfirliklərin fəaliyyəti və Nyu-Yorkdakı Rusiya diplomatlarının missiyası ilə əlaqələrdir.

Eyni zamanda, Sergey Lavrov əlavə edib ki, Rusiya-Amerika münasibətlərinin əsaslarının məhv edilməsi təşəbbüsü Corc Buş tərəfindən irəli sürülüb. Diplomat xatırladıb ki, məhz Corc Buş Vladimir Putinə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilədən çıxdığını bildirmişdi.

Xatırladaq ki, Sergey Lavrov bir müddət öncə qeyd etmişdi ki, 2024-cü ildə Rusiyanın qarşısında iqtisadiyyat və tədarük zəncirlərində Qərbdən istənilən asılılıqdan qurtulmaq vəzifəsi durur. Nazirin sözlərinə görə, Rusiya və onun tərəfdaşları öz iqtisadiyyatlarının inkişafı üçün rəqabət üstünlüklərinə malikdirlər və Moskva beynəlxalq münasibətlərin daha da demokratik olması üçün əlindən gələni edəcək.

ALİSA VAYDEL: İQTİDARA GƏLSƏK ALMANİYA Aİ-Nİ TƏRK EDƏCƏK

“Hakimiyyətə gəlsək, Almaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması üçün referendum tələb edəcəyik”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu “Almaniya üçün Alternativ” (AFD) Partiyasının həmsədri Alisa Vaydel bildirib.

Siyasətçi Böyük Britaniyanın Aİ-dən çıxmasını “Brexit” Almaniya üçün də model kimi görür. O, Böyük Britaniyanın bu qərarının Almaniya üçün də son dərəcə düzgün olacağına əminliyini ifadə edib.

“Bu Almaniya üçün bir modeldir, belə bir suveren qərarın verilməsi mümkündür”, -  deyə Alisa Vaydel vurğulayıb.

Eyni zamanda, alman siyasətçinin sözlərinə görə, onlar hakimiyyətə gəldikdən sonra Aİ-nin seçilməmiş qurumları, o cümlədən Avropa Komissiyasının səlahiyyətlərini məhdudlaşdırmaq üçün səy göstərəcəklər: “İslahat mümkün deyilsə, Aİ-yə üzv ölkələrin suverenliyini bərpa edə bilməsək, Böyük Britaniyanın etdiyi kimi, xalqın qərar verməsinə şərait yaratmalıyıq”.

Alisa Vaydel hesab edir ki, “Dexit” prosesi - Almaniyanın Aİ-dən çıxması ölkənin öz müqəddəratını təyinetmə hüququnu gücləndirəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.