MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Taypey Performans İncəsənət Mərkəzi

Tayvanın ən qəribə memarlıq abidələrindən olan Taypey Performans İncəsənət Mərkəzi uzun sürən tikinti işlərindən sonra 2022-ci ildə istifadəyə verilib. Heyrətamiz binanın layihəsi məşhur OMA şirkətinin təsisçisi və memarı Rem Kolhas və David Janot tərəfindən hazırlanıb. Üç teatrı özündə birləşdirən mərkəz mürəkkəb formalarına baxmayaraq, sadə həndəsə üzərində qurulub. Memarın sözlərinə görə, ənənəvi teatr binalarından fərqlənən incəsənət mərkəzi xüsusi akustik sistemlə də təmin olunub.

Unikal mərkəzin ümumi sahəsi 58,658 kvadratmetrdir. Mədəniyyət evinin fasadında metal panellər və şüşədən istifadə edildiyi üçün günün istənilən vaxtında bina çox ecazkar görünür. Qeyri-adi dizaynı ilə seçilən binada bir neçə tamaşa zalı var. Mərkəzin sferik hissəsində 800 yerlik kiçik "Globe Playhouse", kvadrat hissəsində 1500 tamaşaçı tutumuna malik "Grand Theater" və 800 yerlik "Blue Box" zalları yerləşir. Ölkənin mədəniyyətini, siyasətini və etnik qrupları əks etdirən Taypey Performans İncəsənət Mərkəzi (TPAC) ən çox ziyarət edilən sənət ocaqlarından biridir.

Draxenburq qalası

XIX əsrə aid ən böyük saray binalarından olan Draxenburq qalası Almaniyanın şimalında yerləşən Reyn-Vestfaliya ərazisində inşa olunub. Məşhur birja maqnatı baron Stefan fon Sarterin istəyi ilə tikilən qalanın layihəsi Düsseldorf memarları Leo von Abbey və Bernard Tushaus tərəfindən hazırlanıb. Daha sonra isə layihəni Ernst Fridrix Zvirnerin tələbəsi, istedadlı memar Vilhelm Hoffman tamamlayıb. Neo-qotik üslubda inşa olunan abidə bir növ saray, qala və villanın sintezi şəklində dizayn edilib. Baronun ölümündən sonra qalanın sahibi S.Sarterin qardaşı oğlu Yakob Biesenbaxa burada Dəmiryolçular, Katolik İnternat, Milli Sosialist gənclər məktəbləri açıb.

1970-cı illərin ortalarında yerli hakimiyyət orqanları acınacaqlı vəziyyətə düşən qalanı sökmək qərarına gəlib. Lakin 1971-ci ildə abidəni satın alan iş adamı qalada rekonstruksiya aparıb və beləliklə, abidə yenidən istifadəyə verilib. 1986-cı ildən isə Draxenburq qalası tarixi memarlıq abidələrinin mühafizəsi üzrə dövlət proqramı ilə qorunmağa başlayıb. 1995-2005-ci illərdə burada yenidən irimiqyaslı bərpa işləri aparılıb, həmçinin abidənin cənub hissəsində yerləşən "Venera terrası" da bərpa edilib. Qalanın interyeri ölkənin tarixini, qədim dastanlarını, əfsanələrini əks etdirən zəngin qobelenlər, freskalar və divar rəsmləri ilə bəzədilib.

Çhatrapati Şivaci Maharaca dəmir yolu stansiyası

Dünyanın ən dəbdəbəli dəmir yolu stansiyası Hindistanın Mumbai şəhərində 1878-1888-ci illərdə britaniyalı memar və mühəndis Frederik Uilyam Stivensin layihəsi əsasında inşa edilib. Layihə isveçli rəssam Aksel Heyqin akvarel eskizləri əsasında hazırlanıb. Hindistanın milli qəhrəmanı Çhatrapati Şivaci Maharacanın adını daşıyan stansiya neo-qotik üslubda tikilib. Hind-Saracenik üslubunun bütün motivlərini özündə əks etdirən vağzalın fasadı daş günbəzlər, qüllələr, uclu tağlar, taxta oymalar, dəmir və mis məhəccərlər kimi mürəkkəb elementlərlə bəzədilib. Mumbayın simvolu olan bina ölkənin əsas beynəlxalq ticarət limanı kimi bütün dünyada tanınıb və 2004-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilib.

Memarlığın şah əsəri olan Çhatrapati Şivaci Maharaca vağzalının tam mərkəzində yerləşən səkkizguşəli günbəzin üzərində tərəqqini simvolizə edən qadın heykəli quraşdırılıb. Fil və şir heykəlləri isə kompleksin giriş qapısında yerləşir. Heykəltəraşlıq işləri Tomas Erpa aiddir. Abidənin vitraj pəncərələri gecə saatlarında nağıllar aləmini xatırladır. Hündür tavanlı zalların hər tərəfini qızıldan hazırlanmış ulduzlar bəzəyir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".